10 dekabr 2025 11:05
83

Azərbaycan diplomatiyasında yeni strateji mərhələ

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri Azərbaycan diplomatiyasının Avropa istiqamətində yeni strateji mərhələsinin konturları kimi qiymətləndirilə bilər. Bu səfər təkcə siyasi təqvimdə mühüm hadisə deyil, həm də Cənubi Qafqazdan Mərkəzi Avropaya qədər uzanan geosiyasi xəritədə yeni tərəfdaşlıqların bünövrəsini qoyan dönüş nöqtəsidir. Bratislavada səsləndirilən mesajlar və əldə olunan razılaşmalar göstərir ki, Slovakiya artıq Azərbaycan üçün sadəcə dost ölkə deyil, Avropadakı etibarlı və strateji dayaqlardan biri kimi formalaşır.

Prezident İlham Əliyevin “Slovakiya və Azərbaycan sözün əsl mənasında dost və strateji tərəfdaşlardır” fikri diplomatik ritorikadan çox-çox uzaqdır. Bu, ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin artıq real nəticələr verməsinin təsdiqi, iki ölkə arasında institusional əməkdaşlığın dərinləşməsi və praktiki mexanizmlərin işə düşməsi deməkdir. Bu gün iqtisadi işçi qruplardan tutmuş, müdafiə sənayesinə qədər bir çox sahədə konkret layihələrin icra olunması tərəfdaşlığın kağız üzərində deyil, real siyasi və iqtisadi zəmin üzərində qurulduğunu göstərir.

Səfərin enerji bloku xüsusilə diqqətəlayiqdir. Azərbaycan artıq 14 ölkəyə qaz ixrac edən, Avropanın enerji təhlükəsizliyində strateji rol oynayan prioritet tərəfdaşdır. İllik 25 milyard kubmetrlik qaz ixracının yarısının Avropa ölkələrinə yönəlməsi və Slovakiyanın bu alıcılar sırasında yer alması Bratislava–Bakı xəttinin yeni mərhələyə keçdiyini nümayiş etdirir. Cənab Prezidentin dediyi kimi, Azərbaycanın enerji imkanları yalnız mövcud ehtiyacları deyil, Slovakiya və onun qonşularının gələcək enerji tələbatını da təmin etmək gücündədir. Bu, Azərbaycanın Avropa İttifaqı daxilində nüfuzunu artırmaqla yanaşı, Slovakiyanın enerji siyasətində Bakını mühüm strateji tərəfdaş kimi ön plana çıxarır.

Səfərin diqqət çəkən məqamlarından biri də müdafiə sənayesi sahəsində əməkdaşlığa dair mesajlar oldu. Dövlət başçımızın dediyi kimi, söhbət hərbi təyinatlı siyasətdən çox, sənaye və texnologiya sinergiyasından gedir. Slovakiya texnologiyalarının Azərbaycan maliyyə və istehsal imkanları ilə birləşdirilməsi yeni məhsulların dünya bazarına çıxmasına imkan verə bilər.

Slovakiya nümayəndə heyətinin Qələbə Günü tədbirlərində iştirakı isə iki ölkə arasında etimadın və siyasi yaxınlığın simvolu kimi diqqət çəkir. Bu, yalnız dostluq jesti deyil, həm də geopolitik sensordur: Slovakiya Azərbaycanın suverenlik və təhlükəsizlik məsələlərinə göstərdiyi hörmətlə fərqlənən Avropa ölkələrindəndir.

Prezident Əliyevin Slovakiyanın müstəqil xarici siyasətinə verdiyi yüksək qiymət bu səfərin ideoloji mahiyyətini də açır. Həm Azərbaycan, həm də Slovakiya beynəlxalq müstəvidə qərarlarını təzyiqlərə baxmayaraq müstəqil şəkildə verən ölkələrdir. Bu, münasibətləri yalnız iqtisadi və siyasi məcrada yox, həm də dəyərlər səviyyəsində yaxınlaşdırır. Bratislava ilə Bakı arasında yaranan bu qarşılıqlı anlaşma iki ölkəni qlobal siyasi sistemdə bir-birini tamamlayan tərəfdaşlara çevirir.

Səfərin mühüm aspektlərindən biri də nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan son illərdə Şərq–Qərb nəqliyyat dəhlizinin ayrılmaz mərkəzinə, Orta Dəhliz layihəsinin əsas daşıyıcı ölkəsinə çevrilib. Prezident Əliyevin vurğuladığı kimi, Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı marşrut məhz Azərbaycan üzərindən keçir. Bu, Slovakiya üçün logistik imkanlar, Azərbaycan üçün isə Avropa ilə strateji iqtisadi əlaqələrin genişləndirilməsi deməkdir. Gələcək illərdə bu sahəyə əlavə sərmayələrin qoyulması Slovakiyanın bu dəhlizin Avropa qovşaqlarından birinə çevrilməsi ehtimalını artırır.

Bratislava səfərində ön plana çıxan digər mühüm istiqamət yüksək texnologiyalar və data mərkəzləri sahəsində əməkdaşlıqdır. Azərbaycanın istifadə olunmayan enerji potensialının 2 giqavatdan 5 il içində 8 giqavata çatdırılacağı, iqlim şəraitinin beynəlxalq data mərkəzləri üçün əlverişli olması və süni intellekt layihələrinin genişlənməsi ölkəni regional texnoloji hab kimi formalaşdırır. Bu konteksdə Slovakiya şirkətləri ilə əməkdaşlıq yeni innovativ sənaye xəttinin yaranmasına şərait yaradır.

Bütün bu məqamları nəzərə alanda Prezident İlham Əliyevin Slovakiya səfəri Azərbaycanın Avropada tədricən möhkəmlənən çoxşaxəli xarici siyasət strategiyasının mühüm dayaqlarından birinə çevrilir. Slovakiya ilə münasibətlərin dərinləşməsi isə Azərbaycanın geosiyasi mövqeyini yalnız regionda deyil, bütövlükdə Avroatlantik məkanında gücləndirir.

Elnarə Akimova,
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı,
​Filologiya elmləri doktoru