10 dekabr 2025 14:50
79

Azərbaycan -Avropa münasibətləri müsbət dinamika nümayiş etdirir

Cənub Qaz Dəhlizi və onun genişləndirilməsi üzrə görülən işlər Azərbaycanın enerji təhlükəsizliyi baxımından Avropa üçün əvəzolunmaz tərəfdaş olduğunu bir daha təsdiqləyir. Məhz belə bir mərhələdə Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri ikitərəfli əməkdaşlıq baxımından önəmli olmaqla yanaşı, ümumilikdə Aİ–Azərbaycan enerji dialoqu kontekstində xüsusi önəm kəsb edir.

Müstəqil Azərbaycanın beynəlxalq aləmdə yerini möhkəmləndirmə prosesi içərisində Slovakiya ilə münasibətlərin qurulması mühüm addım hesab olunur. Bu dövr, Azərbaycanın Avropaya inteqrasiyası və müstəqil xarici siyasət yürütməsi kontekstində xüsusi əhəmiyyət daşıyırdı.Tarixi baxımdan, 1990-cı illərin əvvəllərindən başlayan Azərbaycan–Slovakiya münasibətləri, zamanla müxtəlif mərhələlərdən keçərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatıb. 1993-cü ildə diplomatik əlaqələrin qurulması — münasibətlərin təməli idi; 2004-cü ildə ilk yüksək səviyyəli səfər; son illərdə isə rəsmi səfirliklərin açılması, çoxsaylı sazişlər və “Strateji Tərəfdaşlıq” Bəyannaməsi yeni əhəmiyyət daşıyır.

Hazırkı dövrdə bu əməkdaşlıq yalnız formal diplomatiya deyil, konkret iqtisadi-enerji, nəqliyyat-logistika, investisiya, humanitar və geosiyasi məna daşıyır. Belə görünür ki, gələcəkdə həm ikitərəfli, həm region miqyasında — Avropa ilə Qafqaz, Avrasiya istiqamətində — bu əməkdaşlıq daha da dərinləşəcək.

Avropa və Qərbin enerji tələbatı artdığı bir dövrdə, Azərbaycan kimi qaz- və enerji resurslarına malik ölkə ilə əlaqələrin möhkəmlənməsi, Slovakiya üçün enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Belə əməkdaşlıq Avropada enerji diversifikasiyasına töhfə verə bilər. (Bu kontekstdə ümumi Azərbaycan–Avropa əlaqələri də vacibdir. Nəqliyyat-logistika, investisiya, infrastruktur layihələri, tikinti, sənaye — yeni iqtisadi əməkdaşlıq sahələri Azərbaycanın coğrafi mövqeyi, enerji potensialı və regionda sabitlik yönümlü siyasəti nəzərə alındıqda vacibdir. Regional sabitlik və geosiyasi balans nöqteyi-nəzərindən, Avropa ölkələri ilə — xüsusilə Orta və Şərqi Avropadan olan ölkələrlə — münasibətlərin möhkəmlənməsi Azərbaycanın beynəlxalq prestijini və manevr imkanlarını artırır.

Mədəni-humanitar, parlamentlərarası, hüquqi-siyasi əlaqələr sahəsində formalaşan institutlar uzunmüddətli əməkdaşlıq üçün baza yaradır; bu da iki ölkə arasında qarşılıqlı anlaşma, birgə layihələr və etimad zəminini möhkəmləndirir

Biz, eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq. İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir

Əminə Ağazadə,

Milli Məclisin deputatı