Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Səfər çərçivəsində keçirən görüşlər iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirib.
Bratislavada Slovakiya Milli Şurasının sədri Rixard Raşi ilə keçirilən görüşlər parlament diplomatiyasının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib. Görüşdə beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və qanunverici orqanlar arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Prezident İlham Əliyev bildirib ki, ötən il imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi münasibətlərin institusional əsasını möhkəmləndirib. Energetika, müdafiə sənayesi, nəqliyyat, humanitar və turizm sahələrində əməkdaşlıq üçün geniş potensial mövcuddur.
Səfər çərçivəsində Slovakiyanın Baş naziri Robert Fitso ilə keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Slovakiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Ağdam rayonunun Baş Qərvənd kəndində “ağıllı kənd” konsepsiyası çərçivəsində həyata keçirilən layihələrdə iştirakı yüksək qiymətləndirilib.
Görüşlərdə Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması və əldə olunmuş tarixi nailiyyətlər Slovakiya tərəfi tərəfindən təqdir edilib. Bu fakt Azərbaycanın regionda sülh və sabitlik təşəbbüslərinin beynəlxalq dəstəyini bir daha nümayiş etdirir.
Prezident İlham Əliyevin Slovakiyaya səfəri göstərdi ki, iki ölkə arasında əməkdaşlıq təkcə iqtisadi maraqlarla məhdudlaşmır, eyni zamanda siyasi etimada, qarşılıqlı hörmətə və ortaq dəyərlərə əsaslanır. Bu səfər ikitərəfli münasibətlərin uzunmüddətli və dayanıqlı inkişafına möhkəm zəmin yaradıb.
Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini