11 dekabr 2025 17:15
161

Ulu Öndər Heydər Əliyev- xalqımızın yaddaşında, tariximizdə əbədi yaşayacaq

Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam.

 Ümummilli Lider Heydər Əliyev

Azərbaycan üçün yaşayan, mübarizə aparan, onu dirçəldən Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra,  hər bir azərbaycanlının qəlbində, ideyasında yaşatdığı  milli dövlətçilik düşüncəsini ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.

Ümummilli Lider Heydər Əliyev  tarixi şəxsiyyətdir.  Bir ictimai-siyasi xadimi xarakterizə edəndə  mütləq  onun şəxsi keyfiyyətləri,   əqidəsi, həyata baxışı  da nəzərdən keçirilməlidir. Və əgər biz bu kontekstdən yanaşsaq,  deyə bilərik ki, Heydər Əliyev fenomenal insan idi. O, müxtəlif dövlət orqanlarında çalışanda da,  sovet dövründə Azərbaycana rəhbərlik edən də  yeni tendensiyalar gətirirdi.  Özü və ailəsi nümunə idi.  Biz hər zaman deyirik ki, ailə cəmiyyətin nüvəsidir. Ulu Öndər öz şəxsi nümunəsi, ailə üzvlərinə olan münasibəti ilə yeni normaları, qaydaları, daha doğrusu vaxtı ilə mövcud olmuş  ziyalılıq, alicənablıq, qarşılıqlı anlaşma, hörmət,  yüksək insani- əxlaqi  keyfiyyətləri yenidən aktaullaşdırdı. Milli kimliyimizin, milli mədəniyyətimizin  inkişafı üçün çox mühüm işlər gördü.  Və qeyd etmək lazımdır ki, o dövrdə  müstəqil olaraq milli mədəniyyət günləri, ədəbi-bədii  yaradıcılıq gecələri, poeziya günləri, festivallar, beynəlxalq tədbirlər  keçirmək elə də asan məsələ deyildi. Lakin Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, böyük iradə göstərirdi və bu tədbirlərin keçirilməsinə nail olurdu. O zaman Xan qızı Nətavanın ev muzeyini açmaq,  Vaqifin məqbərəsini ucaltmaqla yanaşı, İranda, xüsusi ilə də Təbriz və azərbaycanlıların  yaşadığı şəhərlərdə  sənaye sərgiləri keçirmək, onların məhsullarını Bakıda tanıtmaq, əməkdaşlıq qurmaq,  Zəngəzur cəmiyyətini yaratmaq – bütün bunlar bir  inqilab idi, bir yenilik idi.  Heydər Əliyevin şəxsi nüfuzu,  ona olan hörmətin nəticəsi idi ki, Azərbaycanda belə mühüm və strateji layihələr həyata keçirilirdi. Onun ailəyə, qadına, uşağa,  yaşlı insana olan münasibəti, yardımsevərliyi, insansevərliyi, insana qayğısı, müxtəlif tədbirlərdə söylədiyi fikirlər, çıxışlar yalnız  dərin bir dünyagörüşündən, çoxillik həyati təcrübədən xəbər vermir, eyni zamanda, Azərbaycan gerçəkliyini, xalqımızın mənəvi, mədəni tarixi və intellektual həyatını əks etdirir. Hətta Müasir Azərbaycan ictimai fikir tarixində xüsusi əhəmiyyət kəsb edir. Çünki bu fikirlər, bir çağırışdır, nəsihətdir, tövsiyədir, dövlətimizin, xalqımızın, vətəndaşımızın gələcək inkişafına, atacağı addımlara işıq salan mayakdır.

Ulu Öndər deyirdi ki: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətənə, torpağa, millətə sədaqət, vətən yolunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”. Məqsəd aydındır:  Azərbaycanı bütöv, müstəqil, güclü görmək, Azərbaycan vətəndaşını əzmli, vətənpərvər, qüdrətli görmək. “Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın”. Bəli, bu həm öhdəlik, həm də bir nəsihət idi. Tarixin ayrı-ayrı dövrlərində bizi milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən ayırmaq, sahib olduğumuz milli-mədəni-dini sərvətimizi saxtalaşdırmaq istəyiblər. Lakin xalq o zaman öz böyüklüyünü dərk edir ki, öz kökündən ayrı düşmür. Ulu Öndər bu məsələyə çox həssaslıqla yanaşırdı, keçmişindən ayrı düşən xalq, bu günü yaşayıb, gələcəyini qura bilməz. Ona görə də, bu böyük şəxsiyyət, hər bir fürsətdə  inamla, davamlı olaraq çalışır, mənsub olduğumuz tariximizi, mədəni dəyərlərimizi yaşatmaq üçün inanılmaz işlər görürdü.   

Ümumiyyətlə, 80-ci illərdə keçmiş SSRİ-nin rəhbərliyi çox çalışırdı ki, onu Bakıdan, Azərbaycandan uzaqlaşdırsın. Əlbəttə ki, bunu daha çox ermənilər və onları havadarları istəyirdi. Elə  ölkəmizin başına gələn bütün bəlalardan bundan başladı.  Ermənipərəst sovet rəhbəri Qarabağı asanlıqla ermənilərə hədiyyə etmək üçün Heydər Əliyevi keçmiş SSRİ-nin ali rəhbərliyindən uzaqlaşdırdırmaqla kifayətlənmədi, onu ciddi nəzarət altında saxlayırdı. 1990-cı ildə 20 yanvar hadisələri baş verəndə bütün təhlükələrə baxmayaraq, Ulu Öndər o zaman  Moskvada Azərbaycan Resbublikasının  Daimi Nümayəndəliyinə gəldi, dərin hüzn içərisində xalqımıza başsağlığı verdi. Ulu öndər Vətəninin harayına yetişərək beynəlxalq mətbuat konfransı keçirdi,  Bu, Azərbaycanda, onun paytaxtı  Bakıda baş verən cinayətlərin və əsl həqiqətlərin bütün dünyaya yayılması sahəsində ən mühüm addım idi.   Bu nəyin göstəricisi idi, Ulu Öndər yaxşı bilirdi ki, onun həyatına təhlükə var, hətta ailə üzvlərinin də həyatı təhlükədədir. Lakin Vətən sevgisi, xalqa olan böyük məhəbbət bütün təhlükələr və çətinlikləri arxada qoyurdu.  Dünya şöhrətli siyasət və dövlət xadimi,  dahi şəxsiyyət Heydər Əliyev bütün maneələri aşaraq  Vətənə qayıtdı.  1993-cü ildə xalqın tələbi ilə  ölkəyə yenidən rəhbərlik edən Ümummilli Lider faktiki olaraq Azərbaycanı, dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Azərbaycanı növbəti fəlakətlərdən xilas etdi.

Xilaskarlıq missiyasinı yerinə yetirən Ulu Öndər Heydər Əliyevin qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi, islahatlar həyata keçirildi, iqtisadi tənəzzül cilovlandı. Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı.

Onun ən  böyük arzusu torpaqlarımızın erməni işğalından azad edilməsi idi. Ulu Öndər  bizi bu Qələbəyə inandırırdı, çünki özü inanırdı. Onun hər bir çıxışı hər birimizdə inam yaradırdı. Bütün həyatını erməni millətçiləri, separatçıları onların havadarı olan siyasi qüvvələr  ilə mübarizəyə həsr edən dahi siyasətçi, qəti şəkildə bildirirdi ki, heç vaxt ruhdan düşmək və bir an belə mübarizədən geri çəkilmək olmaz. Ulu Öndər hər zaman bu düşüncədə olub, yorulmadan, usanmadan, hətta saatlarla, günlərlə erməni işğalından, xalqımıza qarşı törədilən soyqırımından, münaqişənin əsl səbəbi və mahiyyətindən danışıb, məruzələr edib, müzakirələr aparıb. O bütün varlığı ilə inanırdı və həmişə vurğulayırdı ki, “əgər torpaqlarımız sülh yolu ilə azad olunmasa, biz nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcəyik. Dünya bilməlidir, hamı bilməlidir və o cümlədən Ermənistan tərəfi də bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir metrini də, bir qarışını da heç kəsə verməyəcəyik”. Bəli, xalq buna razı olmadı. Prezident İlham Əliyev həm xalqımızın arzusunu  gerçəkləşdirdi, ata vəsiyyətini yerinə yetirdi.   Ümummilli Lider Heydər Əliyev siyasətini davam edən, onu daha da gücləndirən Prezident, Ali Baş Komandan İlham Əliyev xalqımızdan, ordumuzdan güc alaraq siyasi və hərbi müdrikliklə   Vətəni erməni işğalından azad etdi, Şanlı Qələbə çalaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Biz fəxr edirik ki, Vətən yolunda, doğma torpaqlarımızda erməni faşizminin məhv edilməsi və bir daha baş qaldırmaması üçün özünü qurban etmiş şəhidlərimiz var, onların qəhrəmanlığı, onların ruhu bizim qəlbimizdə daim yaşayacaqdır! Allah bütün qazılərimizə şəfa versin!

Ulu Öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Demokratik tələblərə tamamilə cavab verən bu ali sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixilik qazanmışdır. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynamışdır. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyulmuşdur. 1995-2003-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, o cümlədən qadın və uşaq hüquqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur.

Heydər Əliyev siyasəti ölkənin inkişafının, müasirləşməsinin və yeniləşməsinin əsasını təşkil edir. 2003-cü ildən bu günə qədər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm inkişafında bu siyasət həlledici rol oynayıb və oynamaqdadır. Məhz bu siyasətin uğurla həyata keçirilməsi sayəsində Azərbaycanın iqtisadiyyatı inkişaf edir,  insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlir, ölkənin hərbi qüdrəti müqayisə edilməz dərəcədə güclənir. Bütün sosial təbəqələrin müdafiəsinin gücləndirilməsi, həyat tərzinin yaxşılaşdırılması üçün həyata keçirilən sosial islahatlar göz önündədir. Azərbaycan müasirləşir, şəhər və kəndlərin siması kökündən dəyişir. “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyası uğurla həyata keçirilir. Bu gün Azərbaycan dünyanın ən uğurlu gənc dövləti kimi qəbul olunur, onun parlaq gələcəyinə hamı inanır. Ölkəmizin beynəlxalq nüfuzunun artması, mövqeyinin güclənməsi, bir çox beynəlxalq reytinqlərdə ən mötəbər yerlərdə qərar tutması xalqımızın qürur mənbəyinə çevrilib.  Azərbaycan bu illər ərzində həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən gücləndi, regionun lider dövlətinə çevrildi, nəhəng nəqliyyat, kommunikasiya, neft, qaz, enerji layihələrinin təşəbbüskarı oldu və dünyaya sübut etdi ki, Cənubi Qafqazda ən güclü dövlətdir.

22 ildir ki, Ümummilli Liderimiz Heydər Əliyev cismani olaraq aramızda yoxdur. Lakin, onun ideyaları, arzuları, fikirləri həmişə bizimlə olacaqdır. Onun ruhu şaddır, çünki Azərbaycan qarşısında dayanan taleyüklü məsələləri həll edərək, daha da  inkişaf edir, beynəlxalq aləmdə  özünü təsdiq edir, haqqını qoruyur. Vaxtı ilə Ulu Öndər deyirdi ki: “ Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qurur hissi ilə bəyan edəcəkdir”.  İndi dövlətimizin tək bölgədə deyil, dünyada nüfuzu artır. Ölkəmiz qlobal təşəbbüslər irəli sürür, bütövlükdə dünyanı düşündürən məsələləri səsləndirir, təkliflər irəli sürür, sülh, təhlükəsizlik, harmoniya, bərabərlik, ədalətlilik naminə öz layiqli töhfələrini verir. Bəli,  biz qürurluyuq, alnımız açıq və başımız dikdir. Hər bir Azərbaycanlı öz milli mənsubiyyəti ilə, öz dövləti ilə, öz tarixi ilə fəxr edir!

Hicran Hüseynova,

Milli Məclisin Komitə sədri, professor