Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.
“İki sahil” xəbər verir ki, Şuranın sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər və il ərzində görülmüş işlər barədə ətraflı məlumat verib. O, həmçinin Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki proqram xarakterli çıxışına toxunaraq, həmin çıxışın elmi ictimaiyyət və bütövlükdə cəmiyyət üçün mühüm strateji yol xəritəsi olduğunu vurğulayıb.
Ə.Əmiraslanov dekabrın 10-da Ankarada Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə Prezident Millət Kitabxanasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş mərasim və yazıçı-publisist Sabir Şahtaxtının “Duman çəkiləndə” romanının təqdimatı barədə də məlumat verib. Şura sədri qeyd edib ki, hər iki ölkənin rəsmi şəxsləri və ictimai xadimlərinin iştirak etdiyi tədbirdə Heydər Əliyevin zəngin dövlətçilik irsi, Azərbaycan–Türkiyə qardaşlığının möhkəmlənməsindəki müstəsna rolu, eləcə də Vətən müharibəsində qazanılan Qələbənin Türk dünyası üçün tarixi əhəmiyyəti geniş şəkildə vurğulanıb.
Hesabat yığıncağında pedaqogika üzrə elmlər doktoru, professor, İcmanın Binəqədi rayonu üzrə nümayəndəsi Həsən Bayramov çıxış edərək İrəvan Müəllimlər Seminariyasına həsr olunmuş monoqrafiyası, müxtəlif saytlarda dərc olunmuş məqalələri və iştirak etdiyi tədbirlər barədə məlumat verib. O, icmaların və nümayəndəliklərin fəaliyyətinin daha effektiv təbliği məqsədilə admin ştatlarının yaradılmasının vacibliyini diqqətə çatdırıb. Əməkdar jurnalist, professor Etibar Babayev Türkiyədə Anadolu türkcəsində nəşr olunmuş “Xatirələr işığında Heydər Əliyev” adlı kitabı haqqında danışaraq, nəşrin Ümummilli Liderin irsinin beynəlxalq müstəvidə tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Bütün çıxışçılar Şuranın il ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Yığıncağın sonunda yenidən söz alan Əhliman Əmiraslanov İcmanın fəaliyyətinin bütün istiqamətlər üzrə ölkə başçısının Qərbi Azərbaycan məsələsi ilə bağlı müəyyən etdiyi strateji yol xəritəsinə uyğun qurulduğunu bildirib. O, icma rəhbərliyinin və üzvlərinin yorulmaz fəaliyyətinin əsas məqsədinin öz ata-baba yurdlarına qayıdış hüququnun təmin olunması olduğunu vurğulayıb. Şura sədri Qərbi Azərbaycan İcmasının mətbuat xidmətinin və Qərbi Azərbaycan Televiziyasının fəaliyyətini yüksək qiymətləndirərək, ağsaqqalları televiziya ilə əməkdaşlığı daha da gücləndirməyə çağırıb.