BMT Baş katibi Antoniu Quterreş Sidneydə Hanuka bayramı zamanı baş verən və 12 nəfərin həlak olduğu silahlı hücumu pisləyib.
“İki sahil” xəbər verir ki, Quterreş bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Sidneydə Hanukanı qeyd etmək üçün toplaşan yəhudi ailələrinə qarşı törədilən dəhşətli hücuma görə sarsılmışam və onu qətiyyətlə pisləyirəm. Hanukanın ilk günündə – sülh və işıq möcüzəsinin qaranlığı məğlub etdiyi bayramda – düşüncələrim bütün dünyadakı yəhudi icması ilədir", – paylaşımda qeyd olunub.
Böyük Britaniyanın Baş naziri Kir Starmer isə Avstraliyadan gələn xəbərləri son dərəcə kədərləndirici adlandırıb:
"Birləşmiş Krallıq Bondi çimərliyindəki dəhşətli hücumdan təsirlənən hər kəsə başsağlığı verir və onların yanında olduğunu bildirir. Mənə vəziyyətin gedişi barədə mütəmadi məlumat verilir", – o, "X" hesabında yazıb.
Sidneydəki bayram iştirakçılarına hücumu Çexiya rəhbərləri də pisləyiblər. Prezident tərəfindən dekabrın 15-i hökuməti təsdiqlənəcək baş nazir Andrey Babiş hadisəni "iyrənc terror aktı" kimi xarakterizə edib. Həlak olanların ailələrinə başsağlığı verənlər arasında istefada olan baş nazir Petr Fiala və digər siyasətçilər də olub.
Qeyd edək ki, faciənin baş verdiyi Yeni Cənubi Uels ştatının polis komissarı Mol Lanyon bu gün bildirib ki, Sidneydəki çimərlikdə baş verən insident terror aktı kimi qiymətləndirilib.