14 dekabr 2025 18:29
157

HƏMAS komandirini öldürülməsi atəşkəsi təhlükə altına qoyur

İsrail hərbçilərinin yüksək rütbəli komandiri öldürməsi Qəzza sektorunda atəşkəs rejimini təhlükə altına qoyur.

“İki sahil” "Reuters"ə istinadla xəbər verir ki, bunu HƏMAS-ın danışıqlar qrupunun rəhbəri Xəlil Əl Hayya televiziya müraciətində söyləyib.

Əl Hayya bir gün əvvəl İsrailin hava zərbəsi nəticəsində qrupun yüksək rütbəli komandiri Raed Saadın həlak olduğunu təsdiqləyib.

Bildirilir ki, bu, ABŞ-nin dəstəyi ilə oktyabrda qüvvəyə minmiş atəşkəs razılaşmasından bəri HƏMAS-ın yüksək səviyyəli nümayəndəsinin ən səs-küylü qətli olub.

"İsrailin atəşkəsi davamlı şəkildə pozması və Saadla yanaşı başqalarına qarşı son qətllər razılaşmanın davamlılığını təhlükə altına salır. Biz vasitəçiləri, xüsusilə ABŞ administrasiyasını və Donald Trampı İsraili atəşkəs qorumağa məcbur etmək üçün fəaliyyət göstərməyə çağırırıq", - Əl Hayya vurğulayıb.

O, həmçinin BMT-nin beynəlxalq sabitləşdirmə qüvvələrinin Qəzzada yerləşdirilməsi ilə bağlı ehtimallara münasibət bildirib: "Beynəlxalq qüvvələrin rolu yalnız atəşkəsin qorunması və tərəflərin Qəzza sərhədləri boyunca ayrılması ilə məhdudlaşmalıdır. Bu, anklav daxilində hər hansı müdaxilə olmadan həyata keçirilməlidir".