14 dekabr 2025 21:10
141

Gürcüstan Prezidenti: Biz sadə təxribatlara qapılan hökumət deyilik

Sülh siyasəti və Gürcüstanda vahid birgəyaşayış əsas məqsədimizdir. Osetinlər və abxazlarla birlikdə, əsrlər boyu olduğu kimi, yenidən vahid Gürcüstanda birgə yaşamaq istəyirik.

“İki sahil” xəbər verir ki,  bunları Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Baş nazir İrakli Kobaxidzenin Türkmənistana səfəri çərçivəsində keçirilən tədbirlər barədə danışarkən deyib. Prezident bildirib ki, İ.Kobaxidze Türkmənistanda Gürcüstanı ləyaqətlə təmsil edib və çıxışı zamanı ölkənin milli maraqları, mövcud çətinliklər, qlobal vəziyyət, eləcə də işğal olunmuş ərazilərlə bağlı mühüm mesajlar səsləndirib.

"Hamımız layiqli çıxışın şahidi olduq. Bu çıxışda dövlətimizin maraqları, qarşılaşdığımız çətinliklər və demək olar, hər gün barəsində danışdığımız işğal altındakı ərazilərlə bağlı açıq və səmimi mesajlar yer alırdı", - M.Kavelaşvili vurğulayıb.

Prezidentin sözlərinə görə, Gürcüstan hökumətinin əsas məqsədi ölkənin birliyini və gələcəyini qorumaqdır. "Müharibələr, hər iki tərəfin buraxdığı səhvlər olub. Lakin bu ağrılı səhifəni tədricən bağlayaraq, gələcəyə baxmalıyıq", - o qeyd edib. M.Kavelaşvili əlavə edib ki, hazırkı mərhələdə emosional yanaşmalar və əsassız fərziyələr ölkənin maraqlarına xidmət etmir.

"Biz sadə təxribatlara qapılan hökumət deyilik. Kimin harada oturması ilə bağlı fərziyyələr irəli sürmək əvəzinə, reallığı düzgün dərk etməliyik. Mesajımız aydındır - prinsipial olmalı və ölkəmizin birliyini, gələcəyini qorumalıyıq", - Gürcüstan Prezidenti deyib.