15 dekabr 2025 08:15
107

Mbappe Ronaldunun tarixi rekorduna yaxınlaşıb

Fransalı hücumçu Kilian Mbappe cari ildə "Real Madrid"in heyətində 56-cı qolunu vurub.

“İki sahil” xəbər verir ki, futbolçu İspaniya La Liqasının XVI turunda "Alaves" üzərində 2-1 hesablı qələbə qazanılan oyunda fərqlənib.

Beləliklə, Mbappe Kriştianu Ronaldunun bir təqvim ilində "Real Madrid"in heyətində bütün zamanların rekorduna üç qola qədər yaxınlaşıb. Xatırladaq ki, 2013-cü ildə portuqaliyalı 59 qol vurub. "Real Madrid"in 2025-ci ilin sonuna qədər hələ iki oyunu qalıb: Kral Kubokunda "Talavera" və İspaniya liqasında "Sevilya" ilə.

Mbappe komandada 2024-cü ildən oynayır. Onun klubla müqaviləsi 2029-cu ilə qədərdir. Fransalı cari mövsümdə bütün yarışlarda 25 oyun keçirib, 27 qol vurub və dörd məhsuldar ötürmə edib.