Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir
Amnistiya dövlətin cəza siyasətində ən humanist və ən məsuliyyətli hüquqi-siyasi qərarlardan biri hesab olunur. Amnistiya dedikdə müəyyən kateqoriyaya aid edilmiş şəxslərin cinayət məsuliyyətindən tam və ya qismən azad edilməsi, yaxud onlara verilmiş cəzanın yüngülləşdirilməsi nəzərdə tutulur. Sadə dillə desək, amnistiya dövlətin öz vətəndaşına “yenidən başlamaq” imkanı yaratmasıdır. Bu institut əsrlərlə mövcud olan humanizm və ədalət fəlsəfəsinə əsaslanır və yalnız hüquqi akt kimi deyil, həm də dövlət–cəmiyyət münasibətlərində xüsusi etimad və mərhəmət nümunəsi kimi qiymətləndirilir. Müstəqil Azərbaycanda artıq humanist aktların həyata keçirilməsi ənənəsi formalaşıb. Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycanda əfv və amnistiya təsisatları yaradılıb, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv Fərmanı qəbul edilib. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib, bunlardan 21 min 325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Ulu Öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Ümummilli Lider böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə hətta 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların bir qismini də bağışlayıb.
Prezident İlham Əliyev tərəfindən də 2003-cü ildən indiyə qədər imzalanan çoxsaylı əfv Fərman və sərəncamları ilə ailə vəziyyəti, həbsxanadakı davranışı nəzərə alınaraq minlərlə məhkum cəzasının çəkilməmiş hissəsindən azadlığa buraxılıb, cəzaları yüngülləşdirilib, neçə-neçə ailəyə sevinc bəxş edilib.
Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.
Ölkə başçısı tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Göründüyü kimi, Prezident İlham Əliyevin mütərəqqi siyasətinin mərkəzində insan amili dayanır. Millətinə xidməti həyat amalına çevirmiş örnək lider İlham Əliyev xalq qarşısında verdiyi vədləri son 22 ildə əməlləri ilə doğruldaraq hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirmişdir. Ölkə rəhbərinin mövcud gerçəklikləri operativ və obyektiv şəkildə qiymətləndirərək cəmiyyətin sosial tələbatına uyğun çevik qərarlar qəbul etməsi, vətəndaşları narahat edən məsələləri qısa zamanda həll etməsi, hər zaman xalqın içində olması, mütəmadi olaraq vətəndaşlarla bilavasitə görüşməsi, onların qayğıları ilə maraqlanması, müraciətlərinə xüsusi həssaslıqla yanaşması, insanların maddi və sosial rifahına xidmət edən, hər hansı şəkildə vəziyyətlərini yaxşılaşdıran qərarlar verməsi, aktlar qəbul etməsi dövlətin və rəhbərinin xalqa olan doğma münasibətinin, hər bir vətəndaşa verdiyi yüksək dəyərin, ölkədə aparılan siyasətin qayəsini insan amilinin təşkil etməsinin təcəssümüdür.
Xatırladaq ki, ölkəmizdə tətbiq olunan bu humanizm aksiyalarının uğurla reallaşmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da fəal iştirakı, mühüm töhfələri, mərhəmətli vətəndaş yanaşması xüsusi əhəmiyyət kəsb etmişdir. Heydər Əliyev Fondunun prezidenti, o zaman Milli Məclisin deputatı olan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-2016-cı illərdə Azərbaycanda 4 dəfə amnistiya elan edilmişdir. Mehriban xanım Əliyevanın müəllifi olduğu layihələri dəstəkləyən Milli Məclis tərəfindən 2007-ci ildə “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında”, 2009-cu ildə “Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında”, 2013-cü ildə “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” və 2016-cı ilin mayında 28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarlar qəbul edilmişdir. Mehriban xanım Əliyevanın bu yüksək nəciblik təşəbbüsünün nəticəsi olaraq, 40412 nəfər məhkum müxtəlif növ cəzalardan azad edilmişdir. Hər zaman humanizm məfkurəsindən çıxış edən Azərbaycanın Birinci vitse-prezidentinin bu təklifləri cəmiyyətimizin əhvali-ruhiyyəsini daha da canlandırmış, minlərlə ailəyə sevinc bəxş etmişdir.
Sevinc Azadi, “İki sahil”