Azərbaycanda robotlaşma və süni intellektin tətbiqi nəticəsində bu sahədə ciddi dəyişikliklər baş verir və bu proses həmkarlar ittifaqlarının fəaliyyətində də yenilənməni zəruri edir.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında deyib.
Onun sözlərinə görə, müasir çağırışlar əmək hüquqlarının qorunmasına yeni konseptual yanaşmalar tələb edir: "Əmək hüquqlarının müdafiəsi yalnız dövlətin deyil, eyni zamanda cəmiyyətin də diqqət mərkəzində olmalıdır. Bu sahədə vətəndaş cəmiyyəti institutları, xüsusilə həmkarlar ittifaqları mühüm rol oynayır".
Çıxışında gələcək perspektivlərə toxunan Ə.Əhmədov deyib ki, texnoloji dəyişikliklər fonunda həmkarlar ittifaqlarının fəaliyyətinin müasirləşdirilməsi və yeni dövrün tələblərinə uyğunlaşdırılması vacibdir.