Azərbaycanda siqaretlə bağlı vergilərdən imtina edilməsi dövlət büdcəsi üçün itkidir.
“İki sahil” xəbər verir ki, bunu deputat Azər Əmiraslanov Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında bildirib.
"Bütövlükdə siqaret bazarına münasibətdə dövlət fiskal maraqlar güdmür. Bu seqment tamamilə qadağan edildikdən sonra həm idxal rüsumlarından, həm aksizlərdən, eyni zamanda əlavə dəyər vergisindən dövlət bir növ imtina etmiş olur. Bu da büdcə üçün itkilərdir. Yəni tərəzinin gözünə qoyanda büdcə itkiləri, büdcə vəsaitləri, yoxsa əhalinin sağlamlığı? Təbii ki, dövlətimizin ümumi siyasəti vətəndaşa yönəlikdir. Bu baxımdan burada həm də dövlətimizin indiyə kimi əsas götürdüyü dəyərlər, prinsiplər olduqca önəmlidir", - deyə o qeyd edib.
Deputat iqtisadi aspektlərə diqqət çəkib: "Elektron siqaretlər idxala əsaslanır və bunun yerli istehsalı yoxdur. Bir tərəfdən vətəndaşımız üçün, gənclərimiz üçün ziyanlıdır. İkinci bir tərəfdən də biz sanki bu məhsulların istehsalçısı olan xarici ölkələri maliyyələşdirmiş oluruq. Yəni bunun bəlli bir məbləğdə idxalı var. O baxımdan bunun həm də indiki şəraitdə iqtisadiyyatımız üçün bunun müsbət tərəflərini qeyd edə bilərik".
"Təbii ki, qadağalar varsa da, qara bazar, qaçaqmalçılıq, hansısa bir şəkildə bu cür məhsullara əlçatanlığın təmin edilməsi halları da müşahidə oluna bilər. Sonrakı mərhələdə biz hesab edirik ki, məhz bu qara bazarın formalaşmasına qarşı ciddi mübarizə tədbirləri aparılmalıdır. Qaçaqmalçılıqla mübarizə, bununla bağlı gömrük orqanlarının çox ciddi fəaliyyəti var. Hətta elektron siqaretlər rəsmi olaraq, yəni qadağan olunmadığı bir şəraitdə də bu istiqamətdə biz o cəhdləri görürük və bu cəhdlərin qarşısı alınmaqdadır. Bütövlükdə biz hesab edirik ki, bu təşəbbüs təqdirəlayiqdir. Bizim komitənin profili üzrə Vergi Məcəlləsində aksizlərdən azadolunmalar, güzəştlərlə bağlı maddədə, o cümlədən aksizli malların siyahısı, vergi dərəcələri ilə bağlı olan maddələrdə dəyişiklik olur. Dəyişiklik bundan ibarətdir ki, həmin siyahılardan, maddələrdən elektron siqaretlər çıxarılır. Bir halda ki, bunlar qadağan olunursa, bu da aksiz vergisinin obyektiv predmeti ola bilməz".
TƏBİB-də əczaçılıq şirkətləri və aptek təşkilatları ilə dərman təminatı müzakirə olunub
Eldar Əzizov: Görülən yüksək səviyyəli işlərin nəticəsində Bakı "Dünya İdman Paytaxtı" elan olunub