16 dekabr 2025 17:29
102

"Wizz Air" Bakı–Bratislava–Bakı aviareyslərini gələn ildən icra edəcək

Macarıstanın "Wizz Air" aviaşirkətinin Bakı–Bratislava–Bakı reyslərini gələn ildən icra etməsi planlaşdırılır.

“İki sahil” bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadla xəbər verir.

Məlumata görə, Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Müzakirələr AZAL-ın prezidenti Samir Rzayev ilə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov arasında görüşdə aparılıb.

Görüşdə əsas diqqət iki ölkə arasında səyahət edən sərnişinlər üçün yeni imkanların yaradılmasına və nəqliyyat əlçatanlığının artırılmasına yönəldilib. Bildirilib ki, daha əvvəl AZAL rəhbərliyi ilə "Wizz Air" aviaşirkəti arasında keçirilən işgüzar görüş nəticəsində Bakı–Bratislava–Bakı marşrutu perspektivli istiqamət kimi nəzərdən keçirilib və təsdiqlənib. Sözügedən marşrut üzrə reyslərin Heydər Əliyev Beynəlxalq Aeroportundan gələn ildən icrası planlaşdırılır.

AZAL-ın prezidenti bildirib ki, Bakı – Bratislava marşrutunun açılması turizm, biznes və humanitar əlaqələrin inkişafına töhfə verəcək, eyni zamanda sərnişinlər üçün daha geniş istiqamət seçimi və rahat uçuş imkanları yaradacaq.

Səfir isə Slovakiya tərəfinin birbaşa aviareysin açılmasında maraqlı olduğunu vurğulayaraq Bratislava şəhərindən "Wizz Air" aviaşirkətinin 30-dan artıq istiqamət üzrə geniş marşrut şəbəkəsinə malik olduğunu, həmçinin Slovakiyada 5 mindən çox Azərbaycan vətəndaşının yaşadığını diqqətə çatdırıb.

Xatırladaq ki, son illər ərzində AZAL-ın marşrut şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənərək Avropa, Asiya, Mərkəzi Asiya və Körfəz regionu üzrə əvvəlki 25 istiqamətdən 40-a yaxın istiqamətə çatması və hava limanının aviasiya şəbəkəsində mühüm mövqeyə malik olması görüş zamanı müzakirə olunub. Paralel olaraq aviaşirkət parkın mərhələli şəkildə yenilənmə prosesini davam etdirir, müasir və yanacağa qənaətcil "Airbus" və "Boeing" təyyarələri ilə donanmasını gücləndirir ki, bu da əməliyyat səmərəliliyinin və sərnişinlərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edir.