Saxta alkoqollu içkilərin dövriyyəsinin qarşısının alınması sahəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.
“İki sahil” xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bu il ərzində aparılan tədbirlər çərçivəsində ümumilikdə 39 qida obyektində (34 ticarət və 5 ictimai iaşə obyekti) müxtəlif növ və əmtəə nişanlı 7 min 714 ədəd saxta alkoqollu içki aşkarlanıb. Bununla əlaqədar olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək məhsullar satışdan kənarlaşdırılıb. 81 alkoqollu içkidən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində 39 məhsulda uyğunsuzluq müəyyən edilib, 31 məhsulda uyğunsuzluq aşkarlanmayıb, 11 məhsulun isə müayinələri davam etdirilir. Faktla bağlı 16 müəssisənin vəzifəli şəxsləri barəsində inzibati məsuliyyət tədbirləri görülüb, 23 qida obyekti barədə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına göndərilib.
Qeyd edək ki, saxta içkilər uyğun olmayan xammaldan və texnologiyadan istifadə edilməklə hazırlanır. Onların tərkibində olan kimyəvi maddələr insan sağlamlığı üçün təhlükəli hesab edilir. Həmin kimyəvi birləşmələr daha çox qaraciyər, böyrək, göz və mərkəzi sinir sistemini zədələməklə yanaşı, ölümlə nəticələnən intoksikasiyalara səbəb ola bilər.
Agentlik yeni il bayramı ərəfəsində spirtli içkilərin daha çox satışa çıxarıldığını və istifadə olunduğunu nəzərə alaraq, istehlakçıları diqqətli olmağa, keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran məhsulları almamağa çağırır. İctimai iaşə və ticarət obyektlərində məhsul seçərkən, qablaşdırılmasına və etiketlənməsinə diqqət yetirilməli və müvafiq müşayiətedici sənədlərinin tələb edilməsi zəruridir. Hər hansı uyğunsuzluq və şübhəli hallar aşkar edildikdə, dərhal agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat verilməsi tövsiyə olunur.