18 dekabr 2025 01:58
145

Amnistiya: Ənənəyə çevrilmiş humanizm siyasəti

Xəyal Bəşirov: Dövlətimiz heç bir vətəndaşının taleyinə biganə yanaşmır

Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb. Şübhəsiz, bu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu humanism siyasətinin daha bir təzahürüdür. Qeyd edək ki, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərar layihəsi dekabrın 16-da qanunverici orqanın plenar iclasında müzakirəyə çıxarılıb. Bu da dövlətimizin ardıcıl və sistemli humanist siyasətinin davamı kimi dəyərləndirilməlidir.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Xəyal Bəşirov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq ötən ilin dekabr ayının 28-də “Konstitusiya və Suverenlik İli” ilə bağlı Sərəncam imzalanıb: ”Həm tarixilik, həm də gələcəyə yönəlik strateji yanaşmaları özündə əks etdirən bu Sərəncam hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Şübhəsiz, Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli”ndə belə bir təşəbbüslə çıxış etməsi dövlət başçımızın humanistliyindən, dövlətimizin insanların qayğısına qalmasından və sosialyönümlü olmasından bir daha xəbər verir. Ümumiyyətlə, bayramlar ərəfəsində, əlamətdar tarixi günlərdə əfv sərəncamlarının imzalanması, amnistiyaların həyata keçirilməsi artıq ənənə halını alıb. Şübhəsiz, Prezidentin təşəbbüsü ilə gerçəkləşdiriləcək növbəti amnistiya ölkəmizin müstəqillik tarixinə ən böyük humanizm aktı kimi həkk olunacaq. Yeri gəlmişkən, Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Burada bir məqama toxunmaq istərdim. Bu da ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin cəzanın çəkilməyən hissəsindən azad edilməsi ilə bağlıdır. Şübhəsiz, bu fakt onların suverenlik və ərazi bütövlüyümüz uğrundakı xidmətlərinin unudulmadığının və hər zaman diqqət mərkəzində olduğunun göstəricisidir.

Layihəyə əsasən, həmçinin böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır. Bu Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.  Şübhəsiz, bu da “Konstitusiya və Suverenlik İli”ndə on minlərlə insana sevinc bəxş etmək deməkdir. Bəli, dövlətimiz ictimai-siyasi mövqeyindən, baxışlarından asılı olmayaraq heç bir vətəndaşının taleyinə biganə yanaşmır. Elə veriləcək növbəti amnistiya aktı bunun bariz təzahürüdür. Bu mənada bu addımı həm də dövlətimizin humanizm siyasətinə, demokratik dəyərlərə sadiqliyinin əyani göstəricisi kimi də dəyərləndirmək olar. Bütün bunlardan isə belə bir qənaətə gəlmək olar:  humanizm həqiqətən də Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir. Zənnimcə, bunu xüsusi vurğulamaq lazımdır”.

Cinayət törətmiş və yaxud cinayət törətməkdə ittiham olunan şəxslərin məsuliyyətdən azad edilməsi ilə bağlı iki sənəd - əfv və amnistiya aktlarının imzalandığını vurğulayan müsahibimiz, həmçinin qeyd etdi ki, 1995-2025-ci illər ərzində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin imzalamış olduqları ümumilikdə 71 əfv Fərman və sərəncamları, 1996-cı ildən başlayaraq qəbul olunmuş 12 Amnistiya aktı minlərlə məhkumun cəzanın çəkilməyən hissəsindən azad edilməsi ilə nəticələnmişdir: “Bir sözlə, əsası Ümummilli Lider tərəfindən qoyulmuş humanizm siyasəti, daha doğrusu, əfv sərəncamlarının imzalanması və amnistiya aktlarının qəbulu təşəbbüsünun irəli sürülməsi bu gün də davam etdirililməkdədir. Onu da qeyd edək ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən Milli Məclisin deputatı olduğu dövrdə irəli sürülmüş təşəbbüs əsasında 4 Amnistiya aktının qəbul olunması, sonuncu akt əsasında isə 10 min məhkumun azadlığa qovuşması ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır”.

Qvami Məhəbbətoğlu, “İki sahil”