İran İslam Respublikasının ali dini rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Ermənistanın Tehrandakı səfiri ilə görüşüb. Müşavir görüş zamanı İranın Zəngəzur dəhlizinə qarşı ənənəvi qərəzli mövqeyini yenidən təkrarlayıb. Vilayəti bildirib ki, “Tramp marşrutu” əslində Zəngəzur dəhlizi ilə eynidir və Tehran buna qarşıdır”.
Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı köhnə mövqeyini xarici işlər naziri Abbas Əraqçinin Bakı səfərindən sonra yenidən gündəmə gətirməsi İranın siyasi elitasındakı kəskin ziddiyyətlərdən qaynaqlanır. Prezidentin fikrinə əhəmiyyət verilməməsi buna ən yaxşı sübutdur. Onu da bilirik ki, bu ölkədə hakimiyyətdə təmsil olunanlar Azərbaycan əleyhinə çirkin təbliğat aparmaqda bir-birləri ilə sanki yarışa giriblər.
Məsələn, Prezident Məsud Pezeşkian administrasiyası Zəngəzur dəhlizini İrana qarşı iddia edildiyi kimi təhlükə olaraq görmür. Əraqçinin səfəri də regiondakı mövcud şərtlərdə-tranzit layihələri və siyasi-təhlükəsizlik arxitekturasında İranın maraqlarının nəzərə alınması ətrafında Azərbaycanla müzakirələr aparmağa hesablanmışdı. Bu səfər həm də İranın indiki rəhbərliyinin mühafizəkarlara qarşı mövqeyinin gücləndirilməsi məqsədi daşıyırdı: Görünür, mühafizəkarların Azərbaycan və Zəngəzur dəhlizi haqqında yaratdıqları əsassız qorxunu qəbul etməyən Pezeşkian İranın maraqlarına qarşı təhlükənin olmadığını yenidən təsdiq etmək, bununla arqumentlərini gücləndirmək ehtiyacı duyub.
Vilayətinin Ermənistan səfiri ilə görüşü isə Əraqçinin Bakı səfərinə qarşı demarş kimi görünür. Bu, təbii ki, Əraqçiınin Bakı səfərinin əhəmiyyətini heçə endirmək məqsədi güdür. Yəni, hökumətin xarici siyasətinin ayrı-ayrı şəxslərin əlində oyuncağa çevrilməsinin göstəricisidir.
İstehza doğuran odur ki, İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani Zəngəzur dəhlizinin İranın “qırmızı xətt” olduğunu bir daha vurğulayıb. O, yenidən Zəngəzur dəhlizi ilə bağlı qeyri-ciddi iddialarını ortaya qoyub. Lakin bu, elə bir məsələdir ki, Laricaninin mövqeyi heç nəyi dəyişdirə bilməz, olsa-olsa ürək bulandırar. Aydın görünür ki, İran hakimiyyətində qeyri-müəyyənlik hökm sürməkdədir. Erməni səfirlə görüş təşəbbüsü də Xameneinin müşavirindən gəlib, bununla həm Zəngəzur dəhlizinə qarşı mövqeyi yenidən gündəmə gətirir, həm də Məsud Pezeşkian komandasına mesaj verirlər. Hərçənd, rəsmi İrəvan da artıq İran mühafizəkarlarının mövqeyini bölüşmür. Nikol Paşinyan hökuməti “Tramp marşrutu”nu ikiəlli dəstəklədiyi halda, Vilayəti və onun kimilərin buna qarşı çıxması anlaşılan deyil. Yalnız o məlumdur ki, molla rejimi ABŞ-ın Ermənistanda yerləşməsini və möhkəmlənməsini özü üçün ciddi təhlükə hesab edir. Bu qorxunun nəticəsidir ki, Ermənistanın daxili işlərinə belə qarışmaqdan çəkinmir. Digər tərəfdən, Turan ideyasının gerçəkləşməsi rejimi bərk təşvişə salır. Türkiyə və Azərbaycanın Orta Asiyadakı türk ölkələrinə birləşməsini özləri üçün təhdid hesab edir. Bu səbəbdəndir ki, “sərhədimizə yaxındır” bəhanəsini gətirərək Zəngəzur dəhlizinin açılmasının əleyhinə çıxır, hər vəchlə buna əngəl yaratmağa cəhd edir. Rejim rəhbərləri hesab edirlər ki, ABŞ qurudan İrana ən yaxın məsafəyə gəlməkdədir. Ona görə də İran rəhbərliyi düşünür ki, Zəngəzur dəhlizinin açılması ilə ABŞ təhlükəsi başının üstündə olacaq. Əgər molla rejimi əməli-salehdirsə, humanist qanunlarla idarə olunursa, xalqa demokratiya və hüquqlar veribsə, insanları edam etmirsə nədən çəkinir? Nə isə...Qayıdaq şərh etdiyimiz mövzuya.
Ermənistan səfirliyinin görüşlə bağlı məlumatında Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi haqqında fikirlərinə yer verməməsi də bunu təsdiq edən detallardandır. Ancaq bu cür hərəkətlərlə molla rejimi özünü daha da nüfuzdan salır, gülüş və nifrət hədəfinə gətirir.
Vəli İlyasov, “İki sahil”