19 dekabr 2025 08:08
135

Almaniya neft məhsulları daşıyan qatarın yola salınmasını alqışlayıb

Almaniya Azərbaycandan Ermənistana neft məhsulları daşıyan qatarın yola salınmasını alqışlayıb.

“İki sahil” xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqner X platformasında bu barədə paylaşım edib. “Üç onillik davam edən münaqişədən sonra neft məhsulları daşıyan yük qatarı Azərbaycandan Ermənistana doğru yola düşür. Bu hadisə hər iki tərəfin əldə etdiyi böyük nailiyyət olmaqla yanaşı, Azərbaycan ilə Ermənistan arasında iqtisadi əməkdaşlıq istiqamətində atılmış vacib addımdır”, - deyə N.Vaqner paylaşımında bildirib.

Xatırladaq ki, dekabrın 19-da SOCAR tərəfindən ilk dəfə yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib. 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı “Azərbaycan Dəmir Yolları” QSC-nin yük qatarı ilə Ermənistana yola salınıb.