Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya təşəbbüsü hüquqi dövlət modelinin yetkinlik mərhələsinə keçdiyini göstərən mühüm göstəricidir. Bu addım təkcə hüquqi mexanizm kimi deyil, dövlətin öz vətəndaşı ilə münasibətlərində formalaşdırdığı yeni siyasi-əxlaqi mühitin təzahürü kimi dəyərləndirilməlidir. Burada əsas məqam ondan ibarətdir ki, dövlət gücünü yalnız cəza tətbiq etməkdə deyil, eyni zamanda, sosial harmoniya və ictimai barış yaratmaqda da nümayiş etdirir.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.
O qeyd edib ki, amnistiya institutunun bu qədər geniş miqyasda tətbiqi hüquqi sistemin sabitliyindən və dövlətin öz gələcəyinə olan inamından xəbər verir. “Hüquqi dövlət o zaman güclü sayılır ki, o, risk etmədən bağışlamaq imkanına malik olsun. Azərbaycan bu mərhələyə çatıb. Konstitusiyanın ali hüquqi qüvvəsinin bütün ölkə ərazisində təmin edilməsi, suverenliyin tam bərpası və daxili sabitliyin möhkəmlənməsi belə qərarların qəbulunu mümkün edən əsas şərtlərdir. Bu mənada amnistiya təşəbbüsü situativ qərar deyil, uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir”, - deyə deputat vurğulayıb.
Onun fikrincə, amnistiya aktında seçilmiş yanaşma hüquqi balansın qorunduğunu açıq şəkildə göstərir. “İctimai təhlükə törətməyən cinayətlərə üstünlük verilməsi, sosial həssas qrupların nəzərə alınması və ağır cinayətlərin istisna edilməsi göstərir ki, burada emosional deyil, rasional və məsuliyyətli qərar qəbul edilib. Dövlət bir tərəfdən humanizm nümayiş etdirir, digər tərəfdən isə ictimai təhlükəsizliyi prioritet olaraq saxlayır”, - deyə Müşfiq Məmmədli əlavə edib.
Deputatın sözlərinə görə, amnistiya minlərlə ailənin sosial-psixoloji yükünü azaldacaq və cəmiyyətə reinteqrasiya prosesinə müsbət təsir göstərəcək: “Əsas məsələ azadlığa çıxan şəxslərin cəmiyyətə uyğunlaşması və hüquqi davranış modelini qəbul etməsidir. Dövlət bu addımı atmaqla onlara ikinci şans verir, eyni zamanda, məsuliyyət gözləntisini də açıq şəkildə ortaya qoyur. Bu, müasir hüquqi dövlətin ən düzgün yanaşmalarından biridir”.
Müşfiq Məmmədli vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən bu amnistiya aktı Azərbaycanın hüquq, humanizm və sosial ədalət anlayışlarını uzlaşdıran idarəçilik modelinin bariz nümunəsidir və dövlət-vətəndaş münasibətlərində etimadın daha da möhkəmlənməsinə xidmət edir.