21 dekabr 2025 18:29
81

İŞİD qruplaşmasının bir bölməsi məhv edilib

Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Dəməşqin Dərəya rayonunda İŞİD qruplaşmasının bir bölməsini aşkar edərək yeddi yaraqlını saxlayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, daxili təhlükəsizlik qüvvələri kəşfiyyat xidməti ilə birlikdə Dərəya rayonunda əməliyyat keçirib və İŞİD qruplaşmasının bir bölməsini məhv ediblər. Təhlükəsizlik qüvvələri qruplaşmanın lideri də daxil olmaqla yeddi terrorçunu saxlayıb. Müxtəlif silahlar, sursat və nağd pul da müsadirə edilib.

Qeyd edək ki, 19 dekabrda Pentagon rəhbəri Pit Heqset bildirib ki, ABŞ ordusu Suriyada İŞİD yaraqlılarına qarşı əməliyyata başlayıb. "NBC News" mənbələrinə görə, Vaşinqton növbəti bir neçə həftə ərzində terrorçu hədəflərinə zərbə endirməyi planlaşdırır.