ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff son üç gün ərzində Florida ştatında Ukrayna nümayəndə heyətinin ABŞ və Avropa tərəfdaşları ilə bir sıra məhsuldar və konstruktiv görüşlər keçirdiyini bildirib.
“İki sahil” xəbər verir ki, o, bu barədə X hesabında yazıb. Onun sözlərinə görə, Ukrayna nümayəndə heyətinin tərkibinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Andiy Qnatov daxil olub. ABŞ tərəfini isə xüsusi nümayəndə Stiv Uitkoff, Cared Kuşner və Ağ Evin əməkdaşı Coş Qruenbaum təmsil edib. Danışıqlara həmçinin bir sıra Avropa ölkələrinin milli təhlükəsizlik üzrə müşavirləri də qatılıb. Uitkoff bildirib ki, ABŞ–Ukrayna formatında ayrıca görüş də keçirilib. Həmin görüşdə dörd əsas sənəd üzərində fokuslanılıb:
"20 maddəlik planın daha da inkişaf etdirilməsi, çoxtərəfli təhlükəsizlik zəmanətləri çərçivəsi üzrə mövqelərin uzlaşdırılması, Ukrayna üçün ABŞ təhlükəsizlik zəmanətləri üzrə mövqelərin razılaşdırılması və iqtisadi inkişafla rifah planının təkmilləşdirilməsi". Onun sözlərinə görə, müzakirələr zamanı növbəti addımların vaxt qrafiki və ardıcıllığına xüsusi diqqət yetirilib. Uitkoff vurğulayıb ki, Ukrayna ədalətli və dayanıqlı sülhün əldə olunmasına tam sadiqdir. “Ortaq prioritetimiz ölümlərin dayandırılması, etibarlı təhlükəsizliyin təmin olunması və Ukraynanın bərpası, sabitliyi və uzunmüddətli rifahı üçün şəraitin yaradılmasıdır. Sülh təkcə hərbi əməliyyatların dayandırılması deyil, eyni zamanda sabit gələcək üçün ləyaqətli əsas olmalıdır”, – deyə o qeyd edib.
Uitkoff əlavə edib ki, Ukrayna ABŞ-ın liderliyini və dəstəyini, eləcə də qarşıdakı mərhələlərdə tərəfdaşlarla sıx koordinasiyanı yüksək qiymətləndirir.
Avstraliyada silahlı hücumun qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib