23 dekabr 2025 12:18
110

Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir

Ölkəmizdə mikro, kiçik və orta biznes (KOB) üzrə müsbət artım dinamikası davam edir. Artım KOB-ların sayında, məşğulluqda və əlavə dəyərdəki payında, işçilərinin sayında özünü göstərir.

“İki sahil” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2024-cü ildə KOB-ların sayı 424437 olub ki, bu əvvəlki illə müqayisədə 5,8% çoxdur. 2023-cü illə müqayisədə ötən il KOB-ların yaratdığı əlavə dəyərin həcmi 3,4% artaraq 21,1 mlrd. manat təşkil edib. 2023-cü ildə KOB subyektlərində çalışan işçilərin sayı 390 800 nəfər olduğu halda, ötən il bu göstərici 417 800 nəfər olub. Bu isə 6,9% artım deməkdir. Qeyd edilən artım fonunda KOB-ların məşğulluqdakı payı 45,3%-ə yüksəlib.

Ümumilikdə son bir neçə ildə ölkə iqtisadiyyatında və məşğulluqda KOB-ların rolunun artması müşahidə edilir. Bu, KOB-ların iqtisadiyyatın dayanıqlı inkişafına daha çox töhfə verdiyini, dövlət tərəfindən KOB-ların fəaliyyətinə göstərilən dəstək tədbirlərinin effektivliyini nümayiş etdirir.

Qeyd edək ki, ölkə üzrə qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin 99,7%-ni KOB subyektləri təşkil edir.