24 dekabr 2025 23:37
94

Paytaxda orta aylıq nominal əməkhaqqı 8.5 faiz artıb

Bakı Şəhər Statistika İdarəsi 11 ayın sosial-iqtisadi göstəricilərini açıqlayıb

Sənayenin inkişafı haqqında

2025-ci ilin yanvar-noyabr aylarında  sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi 46,0 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 72,8 faizi mədənçıxarma, 23,5  faizi emal, 2,6  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun  payı 83,1 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı  88,7 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,3 faiz təşkil  etmişdir.                                                 

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 dekabr  2025-ci il vəziyyətinə 413,8 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 48,0 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.

Tikintinin əsas göstəriciləri

2025-ci ilin yanvar-noyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 85,6 faizini inşa, yenidənqurma və bərpa, 7,3 faizini əsaslı təmir, 4,3 faizini cari təmir, 2,8 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 92,1 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.

Məhsul bazarı haqqında

2025-ci ilin yanvar-noyabr aylarında  pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,0 faiz artaraq 34605,5 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 0,4 faiz artaraq 19253,8 milyon manata, qeyri-ərzaq malları isə 9,5 faiz artaraq 15351,7 milyon manat olmuşdur. Əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,4 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,7 faiz artmışdır. İstehlak məhsullarının 36,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 52,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,2 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.

İctimai iaşə

2025-ci ilin yanvar-noyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi  2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14,6 faiz artaraq 1948,7 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 933,0 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 47,9 faizini təşkil etmişdir.

Ödənişli xidmətlər haqqında

2025-ci ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,3 faiz artaraq 8160,4 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 7281,3 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 89,2 faizini təşkil etmişdir.

Əməkhaqqı

2025-ci ilin yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,5 faiz artaraq 1357,5 manat olmuşdur.     

Bakı Şəhər Statistika İdarəsi