25 dekabr 2025 11:24
78

WUF13-də keçiriləcək tərəfdaş tədbirləri üzrə müraciətlərin son tarixi məlum olub

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində təşkil olunacaq tərəfdaş tədbirləri üzrə qeydiyyat prosesi gələn il yanvar ayının 29-da başa çatacaq.

“İki sahil” xəbər verir ki, bu barədə WUF13-ün Təşkilat Komitəsindən məlumat verilib.

Belə ki, WUF13 qurum və təşkilatlara Forumun "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna uyğun tədbirlər təşkil etmək imkanı yaradır. Müraciətlər https://events.unhabitat.org/ vasitəsilə təqdim edilməlidir.

Tədbirlərin təşkili üçün müraciətlər yeddi kateqoriya üzrə qəbul olunur: Şəbəkələşmə (Networking), Vahid BMT (One UN), Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi (SDGs in Action), Şəhər kinoteatrı (Urban Cinema), Şəhər Kitabxanası (Urban Library), Şəhərlərin Səsi (Voices from Cities) və WUF Akademiyası (WUF Academy).

Müraciət edən qurum və təşkilatlar ilkin mərhələdə UN-Habitat-ın Qlobal Tədbir İdarəetmə Sistemi (GEMS) platforması üzərindən onlayn qaydada qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat prosesi tamamlandıqdan sonra istifadəçilər şəxsi paneldə yerləşən "Applications / Müraciətlər" bölməsinə daxil olaraq müvafiq kateqoriyalar üzrə tələblərlə tanış ola və müraciətlərini yekunlaşdıra bilərlər. Qeyd edək ki, hər bir kateqoriya üzrə yalnız bir müraciət təqdim edilə bilər.