Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) BMT-nin Məskunlaşdırma Proqramı və Azərbaycan hökuməti tərəfindən birgə təşkil olunan ən nüfuzlu beynəlxalq platformalardan biridir.
“İki sahil” xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin media əlaqələri üzrə meneceri Eldar Rəsulov jurnalistlərə açıqlaması zamanı deyib. Onun sözlərinə görə, 2026-cı ildə Bakıda keçiriləcək WUF13 sessiyası qlobal şəhərsalma gündəliyinin mühüm mərhələsi olmaqla yanaşı, dayanıqlı şəhər inkişafı sahəsində qlobal siyasət dialoqunu, eləcə də bilik və qabaqcıl təcrübə mübadiləsini bir araya gətirən əhəmiyyətli beynəlxalq tədbirdir.
“Forum ilk dəfə olaraq Xəzər və Cənubi Qafqaz regionunda keçiriləcək və tədbirdə 10 minə yaxın beynəlxalq iştirakçı, ümumilikdə isə təxminən 30 min iştirakçının olması gözlənilir. Əvvəlki WUF tədbirlərindən fərqli olaraq, Forum çoxsaylı dövlət və hökumət başçılarının iştirakı ilə baş tutacaq. Tədbir çərçivəsində 40 əsas sessiya və 350 tərəfdaş tədbiri təşkil olunacaq. Forumun əsas tədbirləri işarət dili də daxil olmaqla səkkiz dildə sinxron tərcümə ilə təmin ediləcək”,
Ümumdünya Şəhərsalma Forumunun uğurla keçirilməsində könüllülərin mühüm rol oynadığını deyən E.Rəsulov bu məqsədlə Könüllülər Mərkəzi yaradıldığını və 16 min müraciət qeydə alındığını sözlərinə əlavə edib: “Təlimdən uğurla keçən 2500 könüllü tədbirin müxtəlif sahələrində fəaliyyət göstərəcək. Bu miqyasda tədbirin uğurla təşkili üçün peşəkar heyətin formalaşdırılması əsas prioritetlərdən biridir. Hazırda 300 nəfərə yaxın əməkdaşdan ibarət işçi heyəti formalaşdırılıb. Cəlb olunan əməkdaşların əksəriyyəti beynəlxalq tədbirlərin təşkili üzrə təcrübəyə malik peşəkar mütəxəssislərdir”.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının yüksək səviyyədə təşkili məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti 30 iyun 2025-ci il tarixində fəaliyyətə başlayıb. Qısa müddət ərzində institusional hazırlıq, məkan infrastrukturu planlaşdırılması, əməliyyatların idarə olunması, nəqliyyat, marketinq və kommunikasiya kimi sahələr üzrə kompleks işlər həyata keçirilib.
16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab açması QADAĞAN OLUNSUN - TƏKLİF