26 dekabr 2025 13:42
83

Vəkillər Kollegiyasının sədri ədliyyə orqanlarına qəbul olunan şəxslərə icbari tədris keçib

2025-ci il dekabrın 24-də Ədliyyə Akademiyasında ədliyyə orqanlarına işə qəbul olunan şəxslər üçün təşkil edilən icbari tədris çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri, hüquq üzrə fəlsəfə doktoru (h.ü.f.d) Anar Bağırov tərəfindən “Ədalət mühakiməsinin təmin edilməsində vəkillik institutunun rolu” mövzusu tədris olunub.

“İki sahil” xəbər verir ki, tədris zamanı Kollegiyanın sədri ədliyyə sisteminə qoşulan yeni əməkdaşları təbrik edərək, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb. Anar Bağırov çıxışında son illərdə vəkillik institutunun inkişafı istiqamətində həyata keçirilən islahatlardan, dövlət tərəfindən göstərilən davamlı dəstəkdən, habelə bu sahədə müəyyənləşdirilmiş strateji prioritetlərdən ətraflı bəhs edib.

Sədr xüsusilə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamı vəkilliyin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Həmin sənədin icrası nəticəsində ölkədə hüquqi yardımın keyfiyyəti yüksəlib, vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb və bu dəyişikliklər bütövlükdə ədliyyə sistemində peşəkarlığın və vətəndaş məmnunluğunun gücləndirilməsinə xidmət edib.

Eyni zamanda Anar Bağırov “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş mütərəqqi və sistemli dəyişikliklərə toxunaraq, həmin yeniliklərin vəkillik institutunun institusional baxımdan daha da möhkəmləndirilməsinə, eləcə də peşə fəaliyyətinin səmərəli, çevik və müasir tələblərə uyğun şəkildə təşkilinə xidmət etdiyini vurğulayıb.

Tədris çərçivəsində sədr hüquqi biliklərin daim artırılmasının vacibliyini, etik davranış qaydalarına ciddi riayət edilməsinin əhəmiyyətini, qeyri-prosessual münasibətlərdən yayınmağın zəruriliyini və vəkillərlə işgüzar əməkdaşlığın hüquqi əsaslarını iştirakçıların diqqətinə çatdırıb. Həmçinin vəkillik institutunun hüquq sistemindəki yeri, ədliyyə orqanları ilə qarşılıqlı münasibətlərin prinsipləri və etik normaların praktiki tətbiqi barədə geniş izahlar verilib.

Sonda tədris interaktiv müzakirə formatında davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və praktik təcrübəyə əsaslanan fikir mübadiləsi aparılıb.