26 dekabr 2025 15:22
86

Mən kiməm...

“İçimdəki nur. Ruhun və kainatın sirrləri“ kitabında bu ritorik suala cavab axtarılır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Bakı Baş Səhiyyə Mərkəzinin sturukturuna daxil olan 39 saylı şəhər poliklinikasının və “Esthederm” kilinikasının həkim-fizioterapevti, ehtiyatda olan Usta dərəcəli tibb xidməti mayoru Şəhla Qafarovanın “Adiloğlu” nəşriyyatında nəfis tərtibatla yenicə çapdan çıxmış “İçimdəki nur. Ruhun və kainatın sirrləri “ kitabının təqdimat mərasimi keçirilib.

“Esthederm” kilinikasında keçirilən təqdimat mərasimində paytaxtın tanınmış tibb klinikalarının rəhbərləri, Əməkdar həkimlər, müəllimlər, səhiyyə işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.  

Tədbirdə İbn Sina Mərkəzinin, “İzmir” klinikasının, “Esthederm” klinikasının, “Zəhra Xatun” MMC-nin, “CMC Medical Company”nin, “Xoşbəxt Qadınlar” Klubunun təsisçiləri Anar Həsənzadə, Səadət Musayeva, Gövhər Mustafayeva, Leyla Həsənova, Mahir Cümşüdov, Aynur Qurbanova və başqaları çıxış edərək yeni kitab haqqında fikir və düşüncələrini bölüşüblər.

Müəllifin bu gün dünya ictimaiyyətini, o cümlədən Azərbaycan cəmiyyətini düşündürən çox vacib bir mövzuya toxunduğunu diqqətə çatdıran natiqlər bildiriiblər ki. doktor Şəhla Qafarovanın ilk qələm təcrübəsi olan bu kitab  artıq insanlar üçün gündəlik həyat normasına çevrilən qarmaqarışıqlıqdan bezən,  xüsusulə Bakı kimi meqapolisin qulaqbatıran səs-küyündən yorulan, daxili sakitlik axtaran və özünü yenidən kəşf etmək istəyən hər kəsə  həm elmi, həm də mənəvi dəstək təqdim edir.  Qeyd edilib ki, bu baxımdan müəllifin yeni nəşrdə yer alan aşagıdakı fikirləri xüsusulə təqdirəlayiqdir: “Tibb dünyasında  bədəni sağaltmaqla başlayan yolum zamanla insanın daxili aləminin sirlərinə doğru uzandı. İllər boyu fizioloji, neyropsixoloji və psixosomatik yanaşmalarla müalicə sahəsində çalışaraq insanların ağrılarını azaltmaq və bədənlərinə şəfa vermək üçün xidmət etdim. Lakin müşahidələr göstərdi ki, bəzən bədən sağalır, amma insanın ruhunda hələ də boşluq, narahatlıq və anlaşılmazlıq qalır. Bu mənə göstərdi ki, insan yalnız maddi varlıq deyil; onun ağıl və ruhu da bədənin sağlamlığı ilə sıx bağlıdır və bütövlükdə diqqət tələb edir.”

Çıxışlarda dönə-dönə vurğulanıb ki, “İçimdəki nur. Ruhun və kainatın sirləri “ kitabında elm və mənəviyyat  qarşı-qarşıya qoyulmur, əksinə, bir-birini tamamlayan amillər kimi təqdim olunur. Müəllif insan anatomiyası, beyin funksiyaları, hormonal balans və psixoloji rifah arasındakı əlaqələri aparılan elmi tədqiqatların nəticələri ilə ustalıqla  əlaqələndirir. Eyni zamanda, bu nəşrdə bəşəriyyətə böyük mütəfəkkirlər, görkəmli şəxsiyyətlər  bəxş etmiş qədim Şərqin  dahi təbib-alimi İbn Sina hikmətindəki insan anlayışı və müasir psixologiyanın konseptləri ruh və ağılın bədən üzərindəki təsirini izah etmək üçün birləşdirilir. Bu yanaşma göstərir ki, əsrlər, min illər  keçsə də, insanın özü ilə bağlı sualları - kimliyimiz, məqsədimiz və daxili harmoniyamız- dəyişməz qalır.

Təqdimat mərasimində çıxış edənlər belə bir vacib məqamı da qeyd ediblər ki, Şəhla Qafarovanın kitabında dua və zikrin neyrobioloji və psixoloji təsirləri də yetərincə izah olunur. Müəllif  tədqiqatların nəticələrinə əsaslanaraq  yazır ki, müntəzəm zikr və meditasiya zehni sakitləşdirir, stress hormonlarını azaldır və emosional tarazlığı gücləndirir. Burada mənəviyyat sadəcə metafizik anlayış kimi deyil, gündəlik həyatın içində, elmi əsaslarla təsdiqlənmiş və tətbiq edilə bilən bir güc kimi təqdim olunur. Başqa sözlə ifadə etməli olsaq bədən, ağıl və ruh arasındakı qarşılıqlı təsir həm elmi, həm də mənəvi aspektdən bu kitabın əsas mövzusudur

Bildirilib ki, bədən, ağıl və ruh arasındakı qarşılıqlı təsir oxucunu öz daxili aləmi ilə üz-üzə qoyur. İlk səhifəsi “Mən kiməm: Sonsuz kainatın kiçik zərrəsimi, yoxsa bütöv kainatı işinə sığışdıranmı” ritorik  sualı ilə başlayan kitabda bu yanaşma sadəcə fəlsəfi deyil, neyrobiologiya və psixologiya baxımından insanın özünü dərk etməsi, emosional intellekti və həyat məqsədini müəyyən etməsi üçün fundamental əsasdır. İnsan öz daxilindəki nurla — yaradılışdan gələn İlahi işıqla — əlaqəyə girdikdə həm ağıl, həm də bədən şəfa tapır. Bu nur sönməz, yalnız diqqət, yönəlmə və fərqindəlik tələb edir.

Diqqətə çatdırılıb ki, “İçimdəki nur” kitabı oxucuya hazır cavablar vermir, əksinə, suallar vasitəsilə daxili səfəri təşviq edir. Akademik biliklərlə zənginləşdirilmiş, eyni zamanda, mənəvi və psixoloji qatlarla dərinləşdirilmiş bu kitab ruhunu, ağlını və bədənini bir-birinə bağlamaq istəyən hər kəs üçün yol xəritəsidir.

Belə bir vacib məqam dönə-dönə vurğulanıb kiu, Şəhla Qafarova bədən, ağıl və ruh arasındakı qarşılıqlı əlaqəni dərindən araşdıran və bu mövzuda oxuculara yol göstərən mütəxəssisdir. Bir həkim-fizioterapevt kimi  o, illərlə sağlamlıq və müalicə sahəsində çalışaraq insanların fiziki ağrılarını yüngülləşdirməklə yanaşı, onların daxili aləmlərini də anlamağa çalışıb. Şəhla xanım üçün insan yalnız maddi varlıq deyil; onun bədəni, ağlı və ruhu bir-birinə bağlı, bölünməz bir bütöv təşkil edir.O, həm klassik hikmətlərin, həm də müasir elmin gücünə inanır. İbn Sina fəlsəfəsi ilə müasir psixologiya və neyrobiologiya sahələrini birləşdirərək, insanın daxili harmoniyasını anlamağa çalışır. Xüsusilə təqdirəlayiqdir ki, müəllifin elmi yanaşması ilə mənəvi bilikləri bir araya gətirməsi oxuculara həm rasional, həm də ruhani baxış təqdim edir.

Çıxışlarda belə bir fikir də səslənib ki, Şəhla Qafarova *“İçimdəki nur” kitabında oxucunu öz daxili aləminə səyahətə dəvət edir, insanın içindəki İlahi nuru kəşf etməsi, ruhunu dinləməsi və həyatına daha dərin bir məna qatması üçün yol göstərir. O, bu gün təqdimatı keçirilən kitabında hazır cavablar vermək əvəzinə hər bir oxucunu öz sualları ilə üz-üzə qoyur və fərqindəlik, diqqət və daxili sakitlik tələb edən bir səyahətə dəvət edir. Şəhla Qafarovanın ilk qələm təcrübəsi olan “İçimdəki nur” kitabı çağdaş həyatın səs-küyündə itirdiyimiz daxili sükutumuzu tapılb aşkara çıxarmaq, insanın öz mənəvi və zehni bütövlüyünü anlamaq və hər birimizin içində mövcud olan İlahi nuru xatırlatmaq missiyasını daşıyır. Yeni nəşrtdən belə bir məntiqi nəticə hasil olur ki, bu gün həkimlərin  missiyası adamlara  yalnız şəfa vermək deyil, insanı öz daxili işığı ilə tanış etmək və bu kontekstdə hər hər kəsin şəfa tapmasına nail olmaqdır. Şəfa isə məhz oradan — insanın öz içindən başlayır.

Sonda çıxış edən müəllif Şəhla Qafarova ərsəyə gətirdiyi kitab haqqında söylənilən xoş sözlərə minnətdarlığını bildirib, bütövlükdə tədbirin bütün iştirakçılarına təşəşəkkür edib. Eyni zamanda, bu istiqamətdə elmi tədqiqatlarını davam etdirəcəyini diqqətə çatdırıb.

Əhməd Qurbanoğlu, “İki sahil”