26 dekabr 2025 16:04
134

Balaxanı neftçiləri “ilin ən yaxşı”larını mükafatlandırdı - FOTO

“Balakhani Operating Company” LTD-nin təşəbbüsü ilə Sabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən hasilat şirkətləri, o cümlədən “Surakhani Oil” və “AzGerNeft”  31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik gününü “Yeni İldə birgə, güclü, həmrəy” adlı tədbirdə təntənəli şəkildə qeyd ediblər.  

“İki sahil” xəbər verir ki, bayram tədbirinə hasilat şirkətlərində uzun müddət çalışan ən təcrübəli  600 nəfərdən çox əməkdaşı dəvət alaraq fəaliyyət sahələri üzrə “ilin ən yaxşıları” nominasiyalarının mükafatlandırma mərasimində iştirak ediblər.

İllik hasilat planının yerinə yetirilməsi nəticələri əsasında “Balakhani Operating Company”, “Surakhani Oil” və “AzGerNeft” şirkətlərinin ən yaxşı neft və qazçıxarma sexi, briqadası, köməkçi sexi, eləcə də fərdi mükafat olaraq ən yaxşı geoloqu, mexaniki, ustası, neft və qaz hasilatı üzrə operatoru və elektrik sahəsində çalışan əməkdaşı təltif ediliblər.

Bayram tədbirində neftçilər qarşısında çıxış edən “Balakhani Operating Company” LTD-nin prezidenti Rövşən Rzayev hər zaman zəhmət və əzmkarlıq tələb edən hasilat sahəsinə həyatını sərf edən əməkdaşlara dərin minnətdarlığını bildirib. O, vurğulayıb ki, tabelçisindən tutmuş, geoloquna, qazmaçısına, rəngsazına qədər hər bir əməkdaş “neftçi” adını fəxrlə daşımalıdır. Yoxlanılan hər avadanlıq, keçirilən hər növbə, verilən hər qərar hasilat planını doldurmaq, neft gəlirləri hesabına ölkəmizi inkişaf etdirmək, xalqımızı daha gözəl arzulara çatdırmaq məqsədini güdür.

Əyləncə ilə davam edən hissədə milli musiqi və rəqslərimiz bayram tədbirinə xüsusi rəng qatıb.