27 dekabr 2025 12:59
94

Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə birgə komissiyanın iclası keçirilib - FOTO

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə əsasən yaradılmış Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan–Rusiya Birgə Komissiyasının 28-ci iclası dekabrın 26-da Rusiya Federasiyasının Dağıstan Respublikasının Məhərrəmkənd rayonu, Yaraq Qazmalar kəndində keçirilib.

“İki sahil” xəbər verir ki, ADSEA-dan  verilən məlumata görə, görüş Azərbaycan–Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyevin və Komissiyanın Rusiya tərəfindən həmsədri, Rusiya Federasiyasının Su Ehtiyatları Federal Agentliyi rəhbərinin müavini Vadim Nikonorovun rəhbərliyi ilə baş tutub.

İclasda Regional Su Meliorasiya Xidmətinin, Xarici İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölünməsi, monitorinqinin aparılması, Samur Hidroqovşağının birgə istismarı və digər aktual məsələlər müzakirə olunub, görüləcək tədbirlər müəyyənləşdirilib və yekun protokol imzalanıb.