28 dekabr 2025 21:15
88

BDYPİ sürücülərə müraciət edib

Respublikanın bir sıra dağlıq və dağətəyi rayonlarında qarın yağması və havanın temperaturunun aşağı düşməsi nəticəsində yol şəraiti mürəkkəbləşib. Xüsusilə axşam saatlarında temperaturun daha da enməsi səbəbindən yol örtüyündə gizli buzlaşma ehtimalı artır ki, bu da qəza riskini əhəmiyyətli dərəcədə yüksəldir.

“İki sahil” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə və avtomobil sahiblərinə ünvanladığı müraciətdə bildirilib. Qeyd olunub ki, hərəkət iştirakçılarının mənzil başına təhlükəsiz çatması üçün yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparsa da, bəzi sürücülərin yola hazırlıqsız çıxması həm onların özləri, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.

BDYPİ axşam saatlarında yol şəraitinin daha riskli olduğunu nəzərə alaraq sürücüləri səfərlərə çıxarkən axşam saatlarında yol şəraitinin daha təhlükəli olduğunu unutmamağa çağırıb. Eyni zamanda, qış mövsümünə uyğun təchiz edilməmiş, xüsusilə şinlərinin protektor hündürlüyü normadan az olan, işıqlandırma və isitmə sistemləri nasaz avtomobillərlə riskli istiqamətlər üzrə hərəkətdən çəkinməyə səsləyib. Eləcə də körpülərdə, sərt döngələrdə, enişli-yoxuşlu və buzlaşmaya meyilli yol sahələrində axşam saatlarında daha yüksək diqqət və ehtiyat göstərməyə çağırış edib.

Sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə isə gecə və axşam saatlarında mümkün qədər alternativ və daha təhlükəsiz marşrutlardan istifadə etmələri tövsiyə olunub. “Əziz sürücülər, yollarda bir anlıq diqqətsizliyin ağır nəticələrə səbəb ola biləcəyini bir daha xatırladır, gedəcəyiniz ünvana təhlükəsiz çatmaq üçün verilən tövsiyələrə əməl olunmasını xahiş edirik”, - deyə müraciətdə vurğulanıb.