31 dekabr 2025 21:10
100

Quyuya düşən yaşlı kişi belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1960-cı il təvəllüdlü Yarıyev Qılıçxan Cəfər oğlu dərinliyi təqribən 5 metr olan quyuya yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə Q.Yarıyevi quyudan çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.