Zaqatala rayonunun Muxax kəndində xurma istehsalı sexində yanğın baş verib.
Kənd sakini Vidadi Yusifova məxsus xurma istehsalı sexində yanğın hadisəsi ilə bağlı məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində sexin yanar konstruksiyaları, sexdə olan xurmanın bir hissəsi və daşınma üçün istifadə olunan odun və plastik taraların xeyli hissəsi yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının ətrafa yayılmasının qarşısı alınaraq məhdudlaşdırılıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş verməsinin səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
AZƏRTAC