Onun sözlərinə görə, elektrikli ilk ağıllı avtomobil olan “T10X” modelindən sonra ikinci model - “T10F” də istifadəçilərə təqdim edilib. Hər iki model “Euro NCAP”in təhlükəsizlik testlərindən ən yüksək nəticə əldə edib. Bu göstərici ilə “T10X” və “T10F” Avropanın ən təhlükəsiz üç avtomobilindən ikisi kimi qiymətləndirilib. Sözügedən modellər Türkiyə ilə yanaşı Almaniya bazarında da istifadəçilərə təqdim olunub. 2025-ci ildə TOGG istifadəçilərə 39.020 “T10X” və “T10F” modelləri təqdim edərək, ümumilikdə 88.000-dən çox satış həyata keçirib.

Fuat Tosyalı bildirib ki, Almaniyada 2025-ci ilin noyabr və dekabr aylarında 240 satış müqaviləsi bağlanıb və ilin sonunadək 144 avtomobil müştərilərə təhvil verilib. Hazırda çatdırılma prosesi davam edir. Xüsusilə TOGG-un “Avropalı istehsalçı” kimi qəbul edilməsi, məsafədən yenilənə bilən və daim aktual saxlanılan proqram təminatı, sadə rəqəmsal istifadəçi təcrübəsi, eləcə də “Euro NCAP”dən alınan 5 ulduz Almaniya istifadəçiləri tərəfindən müsbət qarşılanır. Trumore tətbiqini Almaniyada yükləyənlərin sayı artıq 50 mini ötüb.
TOGG-un elektrikli avtomobil bazarındakı lider mövqeyinə diqqət çəkən Fuat Tosyalı vurğulayıb ki, “T10X” modeli 2025-ci ildə də həm brendin, həm də bazarın aparıcı modellərindən biri olaraq qalmaqdadır. Sentyabr ayından etibarən bazara çıxarılan “T10F” modelinə də maraq yüksəkdir. Eyni zamanda, 2025-ci ildə daha yüksək performans təqdim edən, iki mühərrikli və tam ötürücülü “4More” seriyası da istifadəçilərin ixtiyarına verilib.
Fuat Tosyalı 2026-cı ildə balanslı və dayanıqlı inkişaf strategiyası ilə inkişafın davam etdiriləcəyini bildirərək Türkiyə bazarında “T10X” və “T10F” modellərinin satış həcminin və bazar payının mərhələli şəkildə artırılması istiqamətində fəaliyyətlərin davam etdiriləcəyini qeyd edib.
Yeni rəng və model üzərində aparılan işlərlə istifadəçi seçimlərinin genişləndirilməsinin nəzərdə tutulduğunu deyən F.Tosyalı satış və satışdan sonrakı xidmət şəbəkəsinin nümayəndəlik razılaşmaları vasitəsilə genişləndirilməsinin planlaşdırıldığını bildirib. Almaniyada isə artan dinamikanın davam etdirilməsi hədəflənir. Onun sözlərinə görə, 2026-cı il yetkinləşmə və davamlı inkişaf ili kimi qiymətləndirilir.
Fuat Tosyalı Türkiyənin 81 vilayətinin hamısında ultra-sürətli şarj cihazları vasitəsilə bütün elektrikli avtomobil istifadəçilərinə fasiləsiz və komfortlu xidmət göstərən Trugo-nun da bazar lideri olduğunu diqqətə çatdırıb. O bildirib ki, lisenziyalı şarj şəbəkəsi operatoru olan Trugo 2023-cü ilin aprel ayından bu günədək 5 milyon uğurlu şarj əməliyyatı həyata keçirib. Şirkət 81 vilayətdə tərəfdaşlıqlar çərçivəsində 2 min 200-dən çox stansiya və 4 mindən artıq şarj nöqtəsi ilə bütün elektrikli avtomobillərə xidmət göstərir, ultra-sürətli şarj cihazlarında isə 100 faiz bərpa olunan enerji mənbələrindən istifadə edir. Geniş şarj infrastrukturu və yüksək sürətli həllərlə Türkiyənin elektrik transformasiyasına töhfə verilməsi davam etdirilir.
TOGG-un daha çox istifadəçi ilə birbaşa təmas qurmaq məqsədilə təcrübə və servis məntəqələri şəbəkəsini yeni əməkdaşlıqlar vasitəsilə genişləndirdiyini vurğulayan Fuat Tosyalı bildirib ki, hazırda 14-ü sabit, 8-i mobil olmaqla 22 təcrübə mərkəzi, 41-i fiziki, 35-i mobil olmaqla ümumilikdə 76 servis nöqtəsi vasitəsilə ölkənin 81 vilayətində TOGG istifadəçilərinə xidmət göstərilir. Əsas prioritet hər bir təmas nöqtəsində istifadəçilərə yüksək səviyyəli xidmət və təcrübə təqdim etməkdir. Dekabr ayından etibarən pilot layihə çərçivəsində Antalya, Bursa, Qaziantep, Trabzon və Tekirdağda yeni nümayəndəlik və servis məntəqələri fəaliyyətə başlayıb.
Orxan Vahidoğlu, “İki sahil”