05 yanvar 2026 23:58
254

Qəhrəmanlar unudulmur!

Astara rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı ilə Astara şəhər Z.Bünyadov adına 2 saylı orta məktəbdə 25 dekabr 1960-cı ildə Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndində dünyaya göz açmış Birinci Qarabağ müharibəsinin şəhidi Niyazi Aslanova həsr olunmuş "Qəhrəmanlar unudulmur!" mövzusunda tədbir keçirilib.

Məktəbin VII “d” sinif şagirdlərinin iştirak etdiyi tədbirdə kitabxananın əməkdaşı Aysel Əhmədova ölümsüzlüyə qovuşan qəhrəmanın həyatı və döyüş yolu haqqında şagirdlərə məlumat verərək deyib:- Respublikamız erməni təcavüzünə məruz qaldığı zaman Niyazi silaha sarılaraq Vətənin müdafiəsinə qalxır. Birinci növbədə yağının azğınlığı onu hərbi texnika axtarmağa sövq edir. Döyüş yoldaşları ilə birlikdə sıradan çıxmış iki tank ələ keçirib təmirdən sonra onları döyüş vəziyyətinə gətirirlər. Döyüşçülərimiz həmin tankların hesabına çox yerdən düşməni geri oturdur. Niyazi, eləcə öz tankı ilə Goranboyun Şəfəq, Todan, Sarısu və Tərtər, Ağdam bölgələrində gedən döyüşlərdə böyük hünər göstərir. O, 4 may 1992-ci il tarixində Tap-Qaraqoyunlu kəndinin yaxınlığında əməliyyat zamanı qeyri-bərabər döyüşdə öz komandiri İsfəndiyar Əsədovu ölümündən xilas edərkən qəhrəmanlıqla həlak olur, doğma kəndində torpağa tapşırılır. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Niyazi Aslanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir. Tap-Qaraqoyunlu kənd orta məktəbi və Naftalan şəhərindəki küçələrdən biri onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulub.

Bəli, Niyazi Aslanovun həyatı, hərbi xidməti, döyüşlərdə göstərdiyi şücaət və şəhadəti bu torpağın nə qədər qiymətli olduğunu bir daha göstərir. Şəhidlərin xatirəsi xalqın milli kimliyinin, bizim Vətən sevgimizin əsas dayağıdır. Milli Qəhrəman Niyazi Aslanovun adı hər zaman ehtiramla anılacaq və onun fədakarlığı heç vaxt unudulmaz.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü