07 yanvar 2026 16:25
283

Azərbaycan-Çin: Strateji tərəfdaşlıqdan iqtisadi perspektivlərə…

Ekspert: Azərbaycan-Çin iqtisadi münasibətlərinin birbaşa investisiyalar və texnologiya transferi üzərinə qurulması hər iki ölkəyə çox yüksək iqtisadi dividendlər gətirə bilər

Son illərdə Azərbaycan–Çin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək ikitərəfli əlaqələrdə yeni mərhələnin əsasını qoyub. 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından başlayaraq iki ölkə arasında əməkdaşlıq mərhələli şəkildə inkişaf etmiş, xüsusilə son onillikdə iqtisadi, enerji, nəqliyyat və texnologiya sahələrində mühüm irəliləyişlər əldə olunmuşdur. Çin üçün Azərbaycan yalnız enerji resursları baxımından deyil, həm də regionda strateji tranzit dəhlizlərinə çıxış nöqtəsi kimi böyük əhəmiyyət kəsb edir.

2024–2025-ci illərdə iki ölkə arasında əməkdaşlığı möhkəmləndirmək məqsədilə 21 strateji sənəd imzalanmış və yüksək səviyyəli qarşılıqlı səfərlər intensivləşmişdir. Bu proses yalnız siyasi və diplomatik sahələri əhatə etməyib, eyni zamanda, iqtisadi və ticarət əlaqələrinin əhəmiyyətli dərəcədə dərinləşməsinə təkan verib. 2025-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 4,2 milyard dolları keçərək rekord səviyyəyə çatmışdır.

Bakı–Çin dəmir yolu vasitəsilə həyata keçirilən ilk ixrac əməliyyatı Azərbaycanın beynəlxalq ticarət və logistika imkanlarını daha da artırmış, ölkəni Orta Dəhlizdə strateji tranzit mərkəzi kimi möhkəmləndirmişdir. Bu, Azərbaycanın regionda etibarlı və rəqabətqabiliyyətli logistika mərkəzinə çevrilməsi üçün mühüm addımdır. Eyni zamanda, vizaların ləğvi insanlararası əlaqələrin, turizmin və mədəni mübadilənin genişlənməsinə imkan yaradıb və Azərbaycan–Çin əlaqələrini həm iqtisadi, həm də sosial-mədəni müstəvidə möhkəmləndirib.

Azərbaycan Orta Dəhliz və Zəngəzur dəhlizi vasitəsilə regionun əsas tranzit və logistika mərkəzlərindən birinə çevrilir. Çinlə birgə müəssisələrin yaradılması, hərbi-texniki əməkdaşlıq, enerji layihələri və texnologiya transferi bu tərəfdaşlığı həm iqtisadi, həm də geosiyasi baxımdan strateji əhəmiyyətli edir. Xüsusilə enerji sektoru və nəqliyyat infrastrukturunda həyata keçirilən birgə layihələr Azərbaycanın uzunmüddətli iqtisadi inkişafına mühüm töhfə verir və ölkəmizi regional layihələrdə etibarlı tərəfdaş kimi səciyyələndirir.

Azərbaycan–Çin əməkdaşlığı, həmçinin  “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində strateji əhəmiyyət daşıyır. Burada “Kəmər” quru ticarət yollarını, “Yol” isə dəniz ticarət yollarını ifadə edir. Orta Dəhliz və Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan Avropa və Asiya arasında etibarlı tranzit marşrutunu təmin edir və Çin üçün regionda strateji tərəfdaş rolunu gücləndirir.

Gələcək perspektivlərdə əməkdaşlığın texnologiya transferi, rəqəmsal iqtisadiyyat, enerji təhlükəsizliyi və dayanıqlı infrastruktur sahələrində daha da genişlənməsi proqnozlaşdırılır. Bununla yanaşı, iki ölkə arasında mədəni, təhsil və turizm əlaqələrinin inkişafı sosial-mədəni sahədə də əməkdaşlığın dərinləşməsini təmin edəcək.

Beləliklə, Azərbaycan–Çin strateji tərəfdaşlığı yalnız iki ölkənin iqtisadi və siyasi maraqlarını gücləndirmir, həm də Azərbaycanın regional və qlobal mövqeyini möhkəmləndirir, uzunmüddətli tərəfdaşlıq üçün davamlı zəmin yaradır və regionda stabillik, qarşılıqlı etimadın artırılmasında mühüm rol oynayır.

İqtisadçı-ekspert, Çin İqtisadçılar Cəmiyyətinin üzvü Aslan Əzimzadə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında qeyd etdi ki, son illərdə Çin iqtisadiyyatda preventiv və qabaqlayıcı iqtisadi inkişaf strategiyasına nail olub. Ekspertin sözlərinə görə, bu uğurun əsas səbəbi texnologiya sahəsində əldə olunan irəliləyişlərdir. Xüsusilə VI texnoloji quruluşun lider texnologiyaları məhz nano və biotexnologiyalardır ki, Çin bu texnologiyların iqtisadiyyata  tətbiqi üzrə ixtisaslaşmışdır. Bu, təbii ki, dost ölkəyə çox yüksək iqtisadi dividendlər gətirməkdədir.

A.Əzimzadə vurğulayıb ki, sözügedən çərçivədə Çinlə Azərbaycan arasındakı əlaqələrin inkişaf etdirilməsi də  Çindən Azərbaycana  birbaşa investisiyalar vasitəsilə texnologiya transferini də reallaşdıra bilər. Bu da öz növbəsində təbii ki, ölkəmizin preventiv iqtisadi inkişaf strategiyasının gücləndirilməsi baxımından önəmli istiqamətlərdən biri kimi çıxış edə bilər.

İqtisadçı-ekspertin sözlərinə görə, 2024-2025-ci illərdə Azərbaycan-Çin münasibətləri yüksək strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır:  “2025-ci ildə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 4,2 milyard dollardan çox olub. Son  illər viza rejiminin  ləğv olunması qarşılıqlı turist axınının artmasına da gətirib çıxaracaqdır. Burada önəmli olan məsələ Çindən birbaşa investisiyaların cəlb edilməsidir. Çünki bu investisiyalar texnologiyaların transferini səciyyələndirir və  müasir texnologiya transferinin iqtisadiyyata tətbiq edilməsi həm iqtisadiyyatın müxtəlif sektorları üzrə rentabelliliyi artırır, həm də təbii ki, dayanıqlı iqtisadi inkişafı səciyyələndirən başlıca amil kimi çıxış etməkdədir. Zənnimcə, uzunmüddətli perspektivdə Azərbaycan-Çin iqtisadi münasibətlərinin birbaşa investisiyalar və texnologiya transferi üzərinə qurulması  hər iki ölkə üçün çox yüksək  iqtisadi dividendlər gətirə bilər”.

Yaqut Ağaşahqızı, “İki sahil”