05 yanvar 2026 16:33
440

İşıq və qaz üçün SABİT TARİF: NƏ DƏYİŞİR?

2026-cı il yanvarın 1-dən Tarif Şurasının qərarına əsasən, əhali həm qaz, həm də elektrik enerjisi üçün sabit tarif ödəyəcək. Bu sabit tarif sistemi enerji şəbəkəsinin davamlı fəaliyyətini təmin etmək baxımından hansı üstünlüklər yaradır?

Sözügedən qərarın iqtisadi baxımdan əsas faydaları ilə bağlı mühüm məqamlara aydınlıq gətirmək üçün bir sıra mütəxəssislərlərin fikirlərini öyrəndik:

Enerji məsələləri üzrə ekspert İlham Şaban “İki sahil”ə açıqlamasında diqqətə çatdırdı ki, bu, sadəcə sayğac vergisidir: “Onun tətbiqi sayəsində "Azəriqaz ildə təqribən 32 milyon manat, "Azərişıq" isə 35 milyon manatdan çox stabil gəlir əldə edəcək.  Həmin vəsait hesabına qaz və elektrik paylanma infrastrukturunu necə təkmilləşdirəcəklər - bunu təqribən növbəti payız-qış mövsümündə istehlakçılar daha aydın görə biləcəklər”.

İqtisadçı ekspert Asif İbrahimov isə açıqlamasında bildirdi ki, sabit tarifin tətbiqi enerji təchizat sistemində dayanıqlılığı təmin etmək üçün həyata keçirilir: “İstehlak həcminə baxmayaraq ödənilən tarif sabit qalır və bunun sayəsində gəlirlər proqnozlaşdırıla bilir. İstehsalçılar beləliklə, enerji satışından minimal gəlirin təmin olunacağını bilirlər. Eyni zamanda, iqtisadi baxımdan sabit tarif büdcədən asılılığı azaldır və enerji istehlakının subsidiyalaşmasını minimuma endirməyə xidmət edir. Texniki cəhətdən isə sabit tarif elektrik enerjisi və qaz tədarükünün dayanıqlı həyata keçirilməsi üçün texniki qulluq və xidmətlərin planlaşdırılmasını asanlaşdırır”.

A.İbrahimov əlavə etdi ki, keyfiyyətli  xidmət göstərmək və fasiləsiz elektrik və qaz təminatını təmin etmək üçün enerji şəbəkəsinin — xətlər, borular, transformatorlar və elektrik ötürücülərinin — daim saz vəziyyətdə olması vacibdir. Bu halda həm planlı, həm də plandankənar texniki qulluq işləri həyata keçirilə bilər. Əvvəllər bu texniki qulluq dövlət tərəfindən müəyyən subsidiyalarla dəstəklənir və hər hansı zərər hallarında kompensasiyalar təmin edilirdi. Yeni sistemdə isə həmin xərclərin bir qismi vətəndaşlar vasitəsilə kompensasiya edilir, məqsəd fasiləsiz və dayanıqlı enerji ötürülməsini təmin etməkdir. Rəsmi açıqlamalara görə, bu yanaşma elektrik və qazın eyni zamanda dayanıqlı və keyfiyyətli paylanmasını təmin etməyə yönəlib. Yaşayarıq görərik ki, sistem praktikada necə işləyəcək, amma ilkin olaraq bu addım enerji təchizatının davamlılığını gücləndirməyə xidmət etdiyini söyləmək olar.

Əhali üçün qaz və elektrik enerjisində sabit tarifin tətbiqinə gəlincə, iqtisadçı ekspert qeyd etdi ki, 2025-ci ilin yanvarından etibarən baş vermiş artımlar dörd nəfərlik orta statistik Azərbaycan ailəsi üçün aylıq təxminən 480 manat əlavə xərclər deməkdir. Məsələn, əvvəllər vətəndaş evində kombini işlətmək üçün 30 manat ödəyirdisə, bu gün eyni xidmət üçün 90 manat ödəməlidir. Bu isə aztəminatlı ailələr üçün ciddi maliyyə yüküdür.

Yaqut Ağaşahqızı, “İki sahil”