08 yanvar 2026 11:10
559

Qəzetlər bahalaşdı: OXUCU SAYI VƏ ÇAP MEDİASI BU ADDIMDAN NECƏ TƏSİRLƏNƏCƏK?

Yanvarın  5-dən başlayaraq Azərbaycanda bəzi qəzetlər bahalaşıb. Belə ki, hazırda “525-ci qəzet”i 60 qəpik artımla 1 manata, “Bakı Xəbər” 20 qəpik artımla 60 qəpiyə, “Novoye Vremya” 10 qəpik artımla 70 qəpiyə, “Səs” 40 qəpik artımla 1 manata satılır. 60 qəpiklik krosvord qəzetlərinin də qiyməti 10 qəpik artırılıb.

Xatırladaq ki, Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən qəzetlərin həftədə 1 nömrəsinin çapına maliyyə yardımı göstərilir və bu məqsədlə onlara aylıq 5 min manat vəsait ödənilir, qəzetin eyniadlı veb-saytına isə aylıq 3 min manat (əsaslı yenilənmə niyyəti ifadə edilibsə, ilk ay 5 min manat olmaqla) maliyyə yardımı göstərilir.

MEDİA-nın əvvəlki müsabiqələrində isə həftədə 1 nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5 min manat, həftədə 5 nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15 min manat, qəzetin eyniadlı veb-saytına isə aylıq 3 min manat (əsaslı yenilənmə niyyəti ifadə edilibsə, ilk ay 5 min manat olmaqla) məbləğində maliyyə yardımı göstərilirdi.

Bəzi qəzetlərin satış qiymətlərinin bahalaşması oxucu sayına və ümumilikdə çap mediasının davamlılığına necə təsir göstərəcək?Bu bahalaşmaya hansı amillər zəmin yaratmış ola bilər?

Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid “İki sahil”ə açıqlamasında sözügedən mövzu ilə bağlı mövqeyini belə ifadə etdi: “Mən dəfələrlə demişəm ki, son 20 ildə Azərbaycan dövlətinin dəstəyi olmasaydı, yazılı mətbuatın yaşaması sual altında olardı. Uzun illər ərzində yazılı mətbuat məhz dövlət dəstəyi hesabına fəaliyyətini davam etdirə bildi. Bildiyiniz kimi, yeni texnologiyaların və saytların üzə çıxması qəzet satışlarını əhəmiyyətli dərəcədə azaltdı və reklam bazarını demək olar ki, tamamilə sıradan çıxardı. Nəticədə qəzet oxucularının sayı da xeyli azaldı”.

Rəşad Məcid diqqətə çatdırdı ki, keçən il Medianın İnkişafı Agentliyi tərəfindən elan olunan müsabiqədə artıq gündəlik deyil, həftəlik qəzetlərin maliyyələşdiriləcəyi bildirildi: “Yazılı mətbuata ömrünü həsr etmiş insanlar olaraq, nə qədər ağrılı olsa da qəbul etməliyik ki, texnologiyaların sürətli inkişafı medianın forma  baxımından yenilənməsini zəruri edir. Bu baxımdan, işçilərimiz arasında ömrünü qəzetçilik fəaliyyətinə həsr etmiş şəxslər də var. Onlar yeni mediaya alışmaqda çətinlik çəkirlər. Buna baxmayaraq, zamanın tələbi hər şeydən üstündür. Artıq yanvardan başlayaraq “525-ci qəzet” həftədə bir dəfə, cümə günləri satışda olacaq, qiyməti isə 1 manat elədik. Sadiq oxucularımıza güvənirik. Hansı ki, orta və daha yaşlı nəslin nümayəndələridir ki, onlar informasiyanı və yazıları hələ də kağız qəzetdən oxumağa üstünlük verirlər. Bu baxımdan, onlara güvənərək belə bir addım atdıq. Hesab edirəm ki, sadiq oxucularımız həftədə bir dəfə  qəzetimizi 1 manata alıb oxuyacaqlar. Hələlik qəzetimizi 24 səhifə çıxarmağı planlaşdırırıq, lakin imkanlar yaranarsa, satış və reklam potensialımız genişlənərsə “525-ci qəzet”i  həftədə bir dəfə 32 səhifə həcmində çap edə bilərik. Çünki bu qəzetin bir ənənəsi var və qalın nömrələrimizin özünəməxsus oxucu auditoriyası mövcuddur. Çalışacağıq ki, bu ənənəni qoruyub saxlayaq. “525-ci qəzet”in şənbə nömrələri bir çox insanlar üçün nostalji əhəmiyyət daşıyır. Beləliklə, “525-ci qəzet”i qorumaqla həm oxucularımızın xatirələrini, həm də nostaljilərini qoruyub saxlayırıq.

Yaqut Ağaşahqızı, “İki sahil”