Yazılı mətbuata ömrünü həsr etmiş insanlar olaraq, nə qədər ağrılı olsa da qəbul etməliyik ki, texnologiyaların sürətli inkişafı medianın forma baxımından yenilənməsini zəruri edir. Bu baxımdan, işçilərimiz arasında ömrünü qəzetçilik fəaliyyətinə həsr etmiş şəxslər də var. Onlar yeni mediaya alışmaqda çətinlik çəkirlər. Buna baxmayaraq, zamanın tələbi hər şeydən üstündür.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirdi.
O, qeyd etdi ki, artıq yanvardan başlayaraq “525-ci qəzet” həftədə bir dəfə, cümə günləri satışda olacaq, qiyməti isə 1 manat elədik: “Sadiq oxucularımıza güvənirik. Hansı ki, orta və daha yaşlı nəslin nümayəndələridir ki, onlar informasiyanı və yazıları hələ də kağız qəzetdən oxumağa üstünlük verirlər. Bu baxımdan, onlara güvənərək belə bir addım atdıq. Hesab edirəm ki, sadiq oxucularımız həftədə bir dəfə qəzetimizi 1 manata alıb oxuyacaqlar”.
Yaqut Ağaşahqızı, “İki sahil”