14 yanvar 2026 00:35
80

Adi narahatlıq, yoxsa ciddi xəbərdarlıq? - Meteohəssaslıq

Proqnozlarda gizlənən mesajlar

Gündəlik hava proqnozlarında tez-tez səslənən “meteohəssas insanlara xəbərdarlıq”, “hava şəraiti meteohəssas insanlarda diskomfort hissi yarada bilər” və ya “meteoroloji amillərin zəif tərəddüdü əksər meteohəssas insanlar üçün əlverişli olacaq” kimi ifadələr artıq adi informativ cümlələrə çevrilib. Lakin bu xəbərdarlıqları eşidən hər kəs üçün eyni sual aktual olaraq qalır:

Meteohəssas insanlar kimlərdir və havadakı dəyişikliklər niyə məhz bu qrup üçün xüsusi risk hesab olunur?

Meteohəssaslıq anlayışı insan orqanizminin hava şəraitində baş verən dəyişikliklərə adi həssaslıqdan daha güclü reaksiya verməsi ilə bağlıdır. Belə insanlar üçün hava yalnız fon faktoru deyil, birbaşa fiziki və psixoloji vəziyyətə təsir edən mühüm amildir. Atmosfer təzyiqinin dəyişməsi, temperaturun qəfil enib-qalxması, rütubətin artması və ya azalması, küləyin istiqamətinin tez-tez dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərini gərgin vəziyyətə salır. Bu zaman sağlam insanlarda ciddi problem yaratmayan meteoroloji tərəddüdlər meteohəssas şəxslərdə baş ağrısı, halsızlıq, yuxusuzluq, diqqət dağınıqlığı, əsəbilik və ümumi narahatlıq hissi ilə müşayiət olunur.

Meteohəssas insanlar dedikdə əsasən ürək-damar xəstəliklərindən əziyyət çəkənlər, arterial təzyiq problemi olanlar, xroniki tənəffüs xəstəlikləri, revmatik ağrılar, sinir sistemi pozğunluqları və migreni olan şəxslər nəzərdə tutulur. Yaşlı insanlar, uşaqlar və immun sistemi zəif olanlar da bu qrupa daxildir. Hava dəyişiklikləri zamanı onların orqanizmi xarici mühitə uyğunlaşmaq üçün daha çox enerji sərf edir və bu da mövcud sağlamlıq problemlərinin kəskinləşməsinə səbəb olur.

Meteoroloji xəbərdarlıqların əsas məqsədi də məhz bu riskləri öncədən diqqətə çatdırmaqdır. Belə günlərdə meteohəssas insanlara fiziki və emosional yüklənməni azaltmaq, açıq havada uzun müddət qalmaqdan çəkinmək, gündəlik rejimi nisbətən sakit qurmaq tövsiyə olunur. Xüsusilə  qan təzyiqi və ürək problemləri olan şəxslər həkim təyinatlarına ciddi əməl etməli, dərman qəbulunu vaxtında həyata keçirməli və öz sağlamlıq göstəricilərini nəzarətdə saxlamalıdır. Havanın kəskin dəyişdiyi günlərdə kifayət qədər su qəbul etmək, yuxu rejimini pozmamaq və stress faktorlarından uzaq durmaq da mühüm amillər sırasında yer alır.

Hava proqnozlarında “hava meteohəssas insanlar üçün əlverişli olacaq” kimi ifadələr isə onu göstərir ki, mövcud sinoptik vəziyyət orqanizmin adaptasiya imkanlarını ciddi şəkildə sınağa çəkmir. Belə günlərdə meteohəssas insanların əksəriyyəti özlərini daha rahat hiss edir, xroniki ağrıların və ümumi narahatlığın intensivliyi azalır. Bu isə bir daha sübut edir ki, hava şəraiti ilə insan sağlamlığı arasında birbaşa və qarşılıqlı əlaqə mövcuddur.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, mövcud sinoptik şəraitlə əlaqədar meteoroloji parametrlərin tərəddüdü meteohəssas insanlara müəyyən qədər təsir edir. Xüsusilə qısa zaman intervalında atmosfer təzyiqinin kəskin tərəddüdləri, temperatur dəyişmələri, müxtəlif istiqamətli küləklərin bir-birini əvəz etməsi bu təsirlərin əsas komponentlərindəndir. Bu tərəddüdlər meteohəssas insanlar üçün əsasən əlverişsiz hesab edilir. Xüsusilə siklon və antisiklonların aktiv keçidi zamanı bu cür hallar daha qabarıq şəkildə özünü göstərir.

Bəs meteohəssaslıqla bağlı proqnozlar hazırlanarkən hansı meteoroloji və bioklimatik amillər əsas götürülür?

Gülnarə Abbasova qeyd etdi ki, bu cür proqnozlar hazırlanarkən havanın temperaturu və onun sutkalıq dəyişməsi, atmosfer təzyiqi, nisbi rütubət, küləyin sürəti və istiqaməti, hava kütlələrinin dəyişməsi və sinoptik proseslərin intensivliyi əsas meteoroloji göstəricilər kimi təhlil edilir. Bu amillərin birgə təsiri orqanizm üçün komfort və ya diskomfort səviyyəsini müəyyən etməyə imkan verir.

Nigar Orucova, “İki sahil”