25 noyabr 2026 12:00
80

Elektron hökumət platformasının yüksəlişi nəyin nəticəsidir?

Dövlət xidmətlərində çeviklik ölkəmizi dünya reytinqində irəli aparır

Azərbaycanın elektron hökumət sahəsində həyata keçirdiyi islahatlar beynəlxalq göstəricilərdə də öz əksini tapır. BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə 2026-cı il hesabatında ölkəmiz dünya reytinqində 38-ci pilləyə yüksəlib. Bu nəticə Azərbaycanın dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi, elektron xidmətlərin genişləndirilməsi və vətəndaşlarla dövlət qurumları arasında münasibətlərin daha çevik mexanizmlər əsasında qurulması istiqamətində atdığı addımların göstəricisidir.

Hesabatda Azərbaycanın mövqeyi əvvəlki qiymətləndirmə ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə ki, ölkəmiz 2024-cü ildə 74-cü yerdə qərarlaşdığı halda, 2026-cı ildə 36 pillə irəliləyərək 38-ci sıraya yüksəlib. İndeks üzrə ümumi göstərici də artıb. Azərbaycanın nəticəsi 2024-cü ildəki 0,7607 baldan 2026-cı ildə 0,8847 bala çatıb. Bu, iki il ərzində 16,3 faizlik yüksəliş deməkdir.

BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi ölkələrin dövlət xidmətlərinin elektron formada təqdim edilməsi, telekommunikasiya infrastrukturunun vəziyyəti və insan kapitalının inkişafı üzrə göstəricilərini qiymətləndirir. Buna görə də Azərbaycanın reytinqdə irəliləməsi yalnız elektron xidmətlərin sayının artması ilə deyil, dövlət idarəçiliyinin müxtəlif istiqamətlərində aparılan yenilənmə prosesi ilə bağlıdır.

Hesabatda diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın Onlayn Xidmətlər İndeksi (OSI) üzrə əldə etdiyi nəticədir. Ölkəmiz bu göstərici üzrə 11-ci yerə yüksəlib. Halbuki 2024-cü ildə Azərbaycan 67-ci pillədə qərarlaşırdı. Beləliklə, iki il ərzində 56 pillə irəliləyiş qeydə alınıb.

Bu nəticə Azərbaycanın elektron dövlət xidmətlərinin əlçatanlığı və keyfiyyəti baxımından beynəlxalq miqyasda mövqeyini gücləndirdiyini göstərir. Onlayn Xidmətlər İndeksi üzrə ölkəmiz Böyük Britaniya, ABŞ, Kanada, Norveç və Avstraliya kimi dövlətləri qabaqlayıb. Xidmətlərin təqdim edilməsi alt indeksi üzrə isə Azərbaycan Estoniya ilə eyni nəticəni bölüşərək dünyada 10-cu yerdə qərarlaşıb.

Hesabatın digər mühüm göstəricisi institusional çərçivə alt indeksində Azərbaycanın dünyada ilk sırada yer almasıdır. Bu nəticə dövlət xidmətlərinin təşkili və idarə olunması üçün formalaşdırılan hüquqi və institusional əsasların beynəlxalq qiymətləndirmədə yüksək səviyyədə olduğunu təsdiqləyir.

Azərbaycanın Cənubi Qafqazda lider mövqeyi möhkəmlənir

Azərbaycanın əldə etdiyi nəticə regional müqayisədə də diqqətəlayiqdir. Ölkəmiz Cənubi Qafqazda birinci yerdə qərarlaşıb. Ermənistan 55-ci, Gürcüstan isə 58-ci pillədə yer alıb. MDB məkanında da Azərbaycanın mövqeyi yaxşılaşıb. 2024-cü ildə altıncı olan ölkəmiz 2026-cı il hesabatında üçüncü sıraya yüksəlib.

Onlayn Xidmətlər İndeksi üzrə Azərbaycan MDB, Türk Dövlətləri Təşkilatı və dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında birinci yerdədir. Bu göstərici ölkəmizin yalnız regional deyil, müxtəlif beynəlxalq platformalarda da rəqabət qabiliyyətini artırdığını nümayiş etdirir. Eyni zamanda, həmin indeks üzrə Azərbaycanın Türkiyə ilə göstəriciləri arasındakı fərqin cəmi 0,0008 bal olması elektron xidmətlərin inkişafında əldə edilən səviyyəni ortaya qoyur.

İslahatlar vahid idarəetmə modelinə keçidi sürətləndirir

Beynəlxalq reytinqdə qeydə alınan irəliləyişin arxasında dövlət idarəçiliyinin yenilənməsinə yönələn ardıcıl tədbirlər dayanır. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Azərbaycanın yeni rəqəmsal arxitekturasının formalaşdırılması üzrə vahid fəaliyyət planı müzakirə olunub. Bu yanaşma müxtəlif dövlət qurumlarının informasiya sistemlərinin əlaqələndirilməsi, xidmətlərin vahid mexanizm əsasında təşkili və idarəetmədə çevikliyin artırılması baxımından əhəmiyyətlidir.

Ölkədə Rəqəmsal İnkişaf Konsepsiyası və 2026–2028-ci illər üzrə rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı da bu istiqamətdə həyata keçirilən tədbirlərin əsasını təşkil edir. Rəqəmsal İnkişaf Şurasının yaradılması və onun fəaliyyətinə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etməsi məsələnin dövlət siyasətində xüsusi yer tutduğunu göstərir.

Bu çərçivədə əsas məqsədlərdən biri dövlət qurumlarının informasiya sistemləri arasında inteqrasiyanı gücləndirmək, məlumat mübadiləsini sürətləndirmək və vətəndaşların müraciətlərinə daha operativ cavab verilməsini təmin etməkdir. Belə yanaşma xidmətlərin ayrı-ayrı qurumlar üzrə parçalanmış formada deyil, vahid sistem daxilində təqdim olunmasına imkan yaradır.

Vətəndaş üçün xidmətə çıxış daha da asanlaşır

Elektron hökumət platformalarının inkişafı dövlət xidmətlərindən istifadənin gündəlik həyatın bir hissəsinə çevrilməsinə şərait yaradır. “mygov” platforması, “digital.bridge” sistemi, elektron sənəd dövriyyəsi və “Kağızsız hökumət” təşəbbüsü bu istiqamətdə həyata keçirilən layihələr sırasındadır.

Bu həllərin əhəmiyyəti yalnız sənədləşmə prosesinin elektronlaşdırılması ilə məhdudlaşmır. Onlar dövlət qurumları arasında məlumat mübadiləsini asanlaşdırır, vətəndaşların müxtəlif xidmətlər üçün təkrar müraciət etməsi zərurətini azaldır və inzibati prosedurların daha rahat həyata keçirilməsinə imkan verir. Nəticədə həm vaxt itkisi azalır, həm də dövlət xidmətlərinin əlçatanlığı genişlənir.

Növbəti mərhələdə xidmətlərin daha çox inteqrasiya olunması və proaktiv mexanizmlərin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Proaktiv xidmət modeli vətəndaşın ayrıca müraciətini gözləmədən, mövcud məlumatlar əsasında ona zəruri xidmətin təklif edilməsini nəzərdə tutur. Bu yanaşma dövlət-vətəndaş münasibətlərində operativliyi artırmaqla yanaşı, idarəetmədə insan amilindən qaynaqlanan gecikmələrin də azalmasına kömək edə bilər.

Texnologiyanın inkişafı insan kapitalından başlayır

Elektron hökumətin inkişafı yalnız texniki infrastrukturun qurulması və yeni platformaların istifadəyə verilməsi ilə ölçülmür. BMT-nin indeksində insan kapitalının ayrıca komponent kimi qiymətləndirilməsi də bu amilin əhəmiyyətini göstərir. Çünki müasir xidmətlərdən səmərəli istifadə üçün əhalinin rəqəmsal bacarıqlarının artırılması, texnologiyalara çıxış imkanlarının genişləndirilməsi və müvafiq mütəxəssislərin hazırlanması vacibdir.

Bu baxımdan telekommunikasiya infrastrukturunun gücləndirilməsi, internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və regionlarda yaşayan əhalinin elektron xidmətlərə çıxış imkanlarının artırılması prioritet istiqamətlərdəndir. Rəqəmsal imkanların yalnız böyük şəhərlərdə deyil, ölkənin bütün ərazilərində əlçatan olması inklüziv inkişafın əsas şərtlərindən biridir.

Digər tərəfdən, süni intellekt və məlumat infrastrukturu dövlət xidmətlərinin gələcək inkişafında mühüm rol oynayacaq. Bu texnologiyaların idarəetməyə tətbiqi xidmətlərin daha sürətli və fərdi ehtiyaclara uyğun təqdim edilməsinə imkan yarada bilər. Bununla yanaşı, şəxsi məlumatların qorunması, alqoritmlərin şəffaflığı və kibertəhlükəsizlik məsələləri də diqqət mərkəzində saxlanılmalıdır.

Yeni nəticələr daha yüksək hədəflər müəyyənləşdirir

Azərbaycanın BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi üzrə 38-ci yerə yüksəlməsi və Onlayn Xidmətlər İndeksində 11-ci pilləyə çatması son illərdə görülən işlərin beynəlxalq qiymətləndirmədə müsbət nəticə verdiyini göstərir. Bununla belə, əldə olunan mövqenin qorunması və daha da yaxşılaşdırılması davamlı yenilənmə tələb edir.

Qarşıdakı mərhələdə dövlət xidmətlərinin inteqrasiyasının dərinləşdirilməsi, süni intellekt əsaslı həllərin tətbiqi, telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi və insan kapitalının inkişafı əsas istiqamətlər sırasında olacaq. Eyni zamanda, məlumatların təhlükəsizliyi və bütün vətəndaşlar üçün bərabər çıxış imkanlarının təmin edilməsi də bu prosesin mühüm şərtlərindəndir.

Göründüyü kimi, beynəlxalq reytinqdə qeydə alınan yüksəliş Azərbaycanın elektron hökumət sahəsində həyata keçirdiyi islahatların nəticəsini nümayiş etdirməklə yanaşı, qarşıdakı inkişaf mərhələsi üçün də yeni imkanlar açır. Əsas məsələ əldə olunan nailiyyətləri davamlı nəticəyə çevirmək və dövlət xidmətlərini vətəndaşların gündəlik ehtiyaclarına daha çevik uyğunlaşdırmaqdır.

Nigar Orucova, "İki sahil"