14 yanvar 2026 11:42
128

İğdır vilayətində Qərbi Azərbaycan irsi yaşadılır

1920-ci ildə öz dədə-baba torpaqlarından, Qərbi Azərbaycan bölgəsi olan İrəvan xanlığından, köçən soydaşlarımızın bir qrupu qardaş Türkiyənin İğdır vilayətində məskunlaşıb. Uzun illər adət-ənənələrini qoruyub-saxlayan irəvanlılar xalçaçılıq sənətini də yaşatmağı bacarıblar. Buna İğdır vilayətində fəaliyyət göstərən 35 nəfərlik  emalatxana əyani sübutdur.

1993-cü ildən fəaliyyət göstərən emalatxanada Qərbi Azərbaycana aid xalçaların toxunub-yaşadılması ehtiram əlamətidir.

Müsahibim- Qarabağ xalçaları emalatxanasının müəllimi Sakine Cangel Turan bildirdi ki, emalatxanada Osmanlı saray, Qarabağ kilimləri və türk motivləri əsasında toxunan xalçalar var. Son zamanlar toxunan kilimlər sırasına İrəvan kilimi naxışları da əlavə edilib. 

İrəvan xanlığı tarixən türk xanlığı olub. Oradan İğdıra köç edən babalarımız bu mədəniyyəti də özləri ilə bura gətiriblər. Biz də bu sənəti yaşatmağı özümüzə borc bilirik. İndi toxunan kilimlərə İrəvan kilimləri də daxil edilib. 

Digər müsahibimiz “Qərbi Azərbaycana Qayıdış” Cəmiyyətinin İğdır vilayəti üzrə nümayəndəsi Sərdar Ünsal qeyd edir ki, illər əvvəl  yurd-yuvamızdan köçsək də, ürəyimiz hər zaman Vətən üçün döyünüb. Bizdə olan bu duyğunu hiss edən kilim ustası Sakine Cangel 1920-ci ildən qalan kilimlərin motivlərinin eskizlərini çəkərək hazırladı. İndi burada İrəvan kilimləri toxunur və bizim tarixi irsimiz yaşadılır. Bu işin təşəbbüskarlarına və əməyi keçən hər kəsə təşəkkür edirik.

Beləliklə, İğdırda toxunmağa başlayan İrəvan kilimləri həm qədim türk irsinin yaşadılmasına, həm də qadınların sosial-iqtisadi güclənməsinə mühüm töhfə verərək keçmişlə bu günü bir-birinə bağlayan dəyərli mədəni körpü rolunu oynayır.

Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru