14 yanvar 2026 15:23
163

YAP Kürdəmir rayon təşkilatı “M.F.Axundov küçəsi 25” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Yanvarın 14-də Kürdəmir şəhər M.Ə.Rəsulzadə adına 2 saylı tam orta məktəb-liseyində YAP Kürdəmir rayon təşkilatının “M.F.Axundov küçəsi 25” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov, təşkilati məsələlər üzrə məsləhətçisi Nurlan Şəfiyev və partiya üzvləri iştirak edib.

“İki sahil” xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri  Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Kürdəmir şəhər M.Ə.Rəsulzadə adına 2 saylı tam orta məktəb-liseyinin direktoru, “M.F.Axundov küçəsi 25” ərazi partiya təşkilatının sədri Elnur Məmmədli ərazi partiya təşkilatının ötən dövr ərzində fəaliyyəti barədə geniş məlumat verdi. Daha sonra partiyanın cəmiyyətdəki rolundan, partiyanın VII qurultayndan sonra qarşıya qoyulan məsələlərdən, Azərbaycanın təbii sərvətlərinin insan kapitalına çevrilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində bir sıra dövlət proqramları icra olunmasından danışdı. Bildirdi ki, Yığıncağın məqsədi həm də rayonun orta ümumtəhsil müəssisələrində çalışan təhsil işçiləri ilə sıx əlaqə yaratmaq, onların təklif, rəy və təşəbbüslərindən təhsil sahəsində həyata keçirilən islahatlar prosesində istifadə etmək, təhsil müəssisələrində vətənpərvərlik işinin mövcud vəziyyət və onun gücləndirilməsinin əsas istiqamətləri barədə tövsiyələr vermək olduğunu bildirib.    

Yığıncaqda çıxış edən ərazi partiya təşkilatının üzvləri Mehman Ələkbərov, Ramiz Paşayev, Sevda Osmanova  Prezident İlham Əliyevin rəhbərliyi ilə son 22 ildə Azərbaycanın böyük və şərəfli inkişaf yolundan, möhtəşəm tarixi zəfərlər və uğurlar qazanmasından, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsindən, Azərbaycanın regionda güc mərkəzinə çevrilməsindən bəhs etdilər. Yığıncaqda ərazi partiya təşkilatının işi yüksək qiymətləndirilib.

Çıxışlardan sonra səsvermə  nəticəsində ərazi partiya təşkilatının sədri Elnur Məmmədli, sədr müavini isə Mehman Ələkbərov seçildi. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər və bu etimadı layiqincə doğruldacaqlarını, bundan sonra da Vətənə, xalqa sədaqətlə xidmət edəcəkələrini bəyan ediblər.

Tədbirdə iştirak edən YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin müdrik siyasi irsindən, Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin məqsədyönlü siyasətindən, Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən, vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışdı. “M.F.Axundov küçəsi 25” ərazi partiya təşkilatının hesabatı və fəaliyyəti YAP Kürdəmir rayon təşkilatı tərəfindən qənaətbəxş hesab edilib. E.Qafarov yeni seçilmiş sədr və sədr müavinini təbrik edərək işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.