15 yanvar 2026 15:26
97

Ombudsman Aparatında görüş keçirilib

Ombudsman Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyəti sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Ombudsman Aparatındandan “İki sahil”ə verilən məlumata görə, görüşdə Qırğız Respublikasının ədliyyə nazirinin müavini Orozbek Sıdıkov və Qırğızıstandan olan mediatorlar iştirak ediblər.

Müvəkkil görüş zamanı Azərbaycan Respublikası tərəfindən Türk dövlətləri ilə əməkdaşlığa mühüm əhəmiyyət verildiyini, mövcud əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.

Səbinə Əliyeva insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Türk dövlətləri arasında birliyin və əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının (TÜRKOMB) yaradıldığını qeyd edib.

Müvəkkil mediasiyanın Azərbaycan Respublikasında tətbiqi və bu sahədə həyata keçirilən hüquqi islahatlardan danışıb. Ölkəmizdə mediasiya fəaliyyəti ilə bağlı müraciətlərin araşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə işinin təşkili məqsədilə Ombudsman Aparatı və Mediasiya Şurası arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.

Nümayəndə heyətinə rəhbərlik edən Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel Ombudsman Səbinə Əliyevaya səmimi qəbul üçün təşəkkürünü bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb.