15 yanvar 2026 19:45
118

Müasir iş bazarı yalnız diplomla kifayətlənmir...

Gənclərin qarşılaşdığı əsas çətinliklər hansılardır?

Son illərdə əmək bazarında müşahidə olunan dəyişikliklər gənclərin peşə seçimlərinə də öz təsirini göstərir. Yeni nəsil ənənəvi sahələrdən çox texnologiya, informasiya texnologiyaları, dizayn kimi dinamik və perspektivli istiqamətlərə yönəlir. Bu tendensiyanın əsas səbəbləri sırasında qlobal rəqabət, rəqəmsal dünyanın sürətli inkişafı, yüksək maaş və karyera imkanları, həmçinin gənclərin özünüreallaşdırma və yaradıcılıq ehtiyacı dayanır.

Əmək bazarının dəyişən tələbləri gəncləri daha çevik, innovativ və gələcəyə yönəlmiş peşələrə maraq göstərməyə sövq edir. Əmək bazarında gənclərin qarşılaşdıqları əsas çətinliklər müxtəlif sahələrdə özünü göstərir. İlk növbədə, təhsil sistemi ilə əmək bazarının tələbləri arasında mövcud uyğunsuzluq diqqəti cəlb edir. Universitetlərdə gənclərə əsasən nəzəri biliklər verilir, lakin işəgötürənlər daha çox praktiki bacarıqlar və real iş təcrübəsi tələb edirlər. Bu səbəbdən yeni məzunlar iş tapmaqda çətinlik çəkir və əksər hallarda “təcrübəsiz” damğası ilə müsahibələrdə uğursuzluqla qarşılaşırlar. Digər mühüm problem isə iş yerlərinin məhdudluğu və rəqabətin yüksək səviyyədə olmasıdır. Xüsusilə böyük şəhərlərdə gənclərin eyni sahələrə yönəlməsi nəticəsində əmək bazarında sıxlıq yaranır. Bu isə maaşların aşağı olması və iş şəraitinin tam istənilən səviyyədə olmaması ilə nəticələnir. Bir çox gənclər öz ixtisaslarına uyğun iş tapa bilmədikləri üçün başqa sahələrdə çalışmaq məcburiyyətində qalırlar.

Bacarıqların yetərsizliyi də diqqət çəkən məqamdır. Müasir iş bazarı yalnız diplomla kifayətlənmir. Xarici dil bilikləri, texnologiyadan istifadə bacarıqları, kommunikasiya və komanda işi vərdişləri gənclərin uğur qazanması üçün əsas şərtlərdir. Lakin bu bacarıqlar tam inkişaf etmədikdə gənclər rəqabətdə geri qalırlar. Bu məsələdə sosial maneələr də mühüm rol oynayır.

Beləliklə, gənclərin əmək bazarında qarşılaşdığı əsas çətinliklər təcrübə çatışmazlığı, yüksək rəqabət, bacarıqların yetərsizliyi və sosial maneələrlə bağlıdır. Bu problemlərin həlli üçün təhsil sisteminin iş bazarına uyğunlaşdırılması, praktik təcrübə proqramlarının artırılması, gənclərin bacarıqlarının inkişafına dəstək verilməsi və şəffaf işə qəbul mexanizmlərinin gücləndirilməsi vacibdir.  İlk növbədə, təhsil sistemi iş bazarının real tələblərinə uyğunlaşdırılmalıdır. Xarici dil bilikləri, rəqəmsal texnologiyalardan istifadə, kommunikasiya və komanda işi vərdişləri müasir əmək bazarında əsas şərtlərdir. Bu bacarıqların öyrədilməsi gənclərin rəqabət qabiliyyətini yüksəldər. Eyni zamanda, kiçik və orta biznesin inkişafına şərait yaradılmalı, startaplara dəstək verilməli, gənclərin öz bizneslərini qurması üçün maliyyə və hüquqi imkanlar genişləndirilməlidir. Bu, həm yeni iş yerləri yaradacaq, həm də gənclərin təşəbbüskarlığını stimullaşdıracaq. Texnologiyanın sürətli inkişafı gənclərin peşə seçimlərinə birbaşa təsir göstərir.

Rəqəmsal dünyanın genişlənməsi, süni intellektin, robot texnologiyalarının, proqramlaşdırma və dizayn sahələrinin ön plana çıxması gənclərin maraqlarını ənənəvi peşələrdən daha çox innovativ istiqamətlərə yönəldir. Artıq gənclər yalnız sabit maaşlı işləri deyil, eyni zamanda yaradıcılıq, çeviklik və gələcəkdə daha geniş perspektiv vəd edən sahələri seçməyə üstünlük verirlər. Bu prosesin əsas səbəblərindən biri texnologiyanın həyatın bütün sahələrinə sürətlə nüfuz etməsidir. İnformasiya texnologiyaları, elektron ticarət, rəqəmsal marketinq, oyun sənayesi və startap mədəniyyəti gənclər üçün həm maraqlı, həm də gəlirli imkanlar yaradır. Digər tərəfdən, texnologiyanın sürətli inkişafı gəncləri daim öyrənməyə və bacarıqlarını yeniləməyə sövq edir. Bu isə onların peşə seçimində daha çevik olmalarını, əmək bazarının tələblərinə uyğunlaşmalarını və gələcəkdə daha rəqabətqabiliyyətli mövqe qazanmasını təmin edir. Beləliklə, texnologiyanın inkişafı gənclərin peşə seçimlərinə təsir göstərərək onları innovativ, rəqəmsal və gələcəyə yönəlmiş sahələrə istiqamətləndirir, eyni zamanda, ömürboyu öyrənmə mədəniyyətinin formalaşmasına zəmin yaradır.

Şəmsiyyə Əliqızı, “İki sahil”