16 yanvar 2026 15:40
105

Belarus Təhlükəsizlik Şurası “Oreşnik”lə bağlı İDDİALARI TƏKZİB EDİB

Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç respublikada “Oreşnik” raket kompleksinin olmadığı barədə yayılan iddialara münasibət bildirib və bu silahın heç vaxt istifadəyə ehtiyac qalmayacağına ümid etdiyini deyib.

“İki sahil” xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, əsas məsələ Belarusun bu silaha malik olduğuna əmin olmasıdır. «Ən vacibi odur ki, biz bu silahın bizdə olduğuna əminik. Və əlbəttə, ümid edirik ki, ona heç vaxt ehtiyac olmayacaq. Bu, ölkəmizin müdafiəsi və çəkindirmə məqsədi daşıyan silahdır… Rəqiblərimizin, qonşularımızın nə dediyi isə onların danışmaq və nəticə çıxarmaq hüququdur», — deyə Volfoviç BelTA agentliyinə bildirib.

O, xatırladıb ki, Rusiya Silahlı Qüvvələri bu yaxınlarda Ukraynaya zərbə zamanı “Oreşnik” raket kompleksindən artıq ikinci dəfə istifadə edib. O, vurğulayıb ki, bu silahın Belarus ərazisindən tətbiq olunması arzuolunan deyil. «Bir daha qeyd edirəm: Belarus ərazisində yerləşdirilmiş “Oreşnik” və taktiki nüvə silahı yalnız ölkəmizin ərazisinin müdafiəsi üçündür», - deyə Volfoviç əlavə edib.

Qeyd edək ki, 2025-ci ilin noyabrında Rusiya prezidenti Vladimir Putin “Oreşnik” raket kompleksinin seriyalı istehsalına başlanıldığını açıqlamışdı. İlk “Oreşnik” 2025-ci il dekabrın 17-dən etibarən Belarus ərazisində yerləşdirilib. Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə maksimum 10 belə kompleksin yerləşdiriləcəyini bildirmişdi. Keçən ayın sonunda isə “Oreşnik” Belarusda döyüş növbətçiliyinə başlayıb.