03 aprel 2026 11:50
99

Özbəkistanda təmiz hidrogen sahəsində yeni layihəyə start verilib

Daşkənddə “Clean Hydrogen for Uzbekistan” (“Özbəkistan üçün təmiz hidrogen” – red.) layihəsinin rəsmi açılışı (taqdimatı) olub.

Bu barədə “İki sahil" Özbəkistanın Energetika Nazirliyinə istinadən xəbər verir.

“Təşəbbüs təmiz hidrogen texnologiyalarının tətbiqi üçün zəruri ekosistemin və normativ-hüquqi bazanın formalaşdırılmasına yönəlib”, - məlumatda qeyd olunur.

Layihə Qlobal Yaşıl Artım İnstitutun (Global Green Growth Institute) Özbəkistan Respublikası Energetika Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir və Koreya Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Koreyanın yeni “yaşıl” kurs üzrə Etimad Fondu (KGNDTF) tərəfindən maliyyələşdirilir.

Qeyd olunur ki, 2025-ci ilin oktyabrında qəbul edilmiş “Milli səviyyədə müəyyən edilmiş töhfələr” sənədinə əsasən, Özbəkistan 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 54%-ə çatdırmaq kimi iddialı hədəf müəyyən edib. Bu proses çərçivəsində ölkə artıq hidrogen energetikasının potensialının öyrənilməsi üzrə siyasi tədbirlərinin və pilot layihələrin həyata keçirilməsinə başlayıb.