03 aprel 2026 11:58
99

“Politico”: Fransa 2030-cu ilə qədər silah tədarükünü dəfələrlə artırmağı planlaşdırır

Fransa müdafiə qabiliyyətinin artırılması proqramı çərçivəsində silah tədarükünü dəfələrlə artırmağı planlaşdırır və “müharibə iqtisadiyyatı”na hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə “Politico” nəşri hərbi planlaşdırmaya dair qanun layihəsinə istinadla məlumat yayıb. Sənədə görə, Fransa 2030-cu ilədək raket və PUA ehtiyatlarını 400 faiz artırmaq niyyətindədir, həmçinin yeni tank hazırlamaq imkanını da nəzərdən keçirir.

Qanun layihəsində deyilir: “Bu səylər artan sifariş və çatdırılmalarda, eləcə də prioritet istehsal güclərinin birgə maliyyələşdirilməsi yolu ilə sənaye infrastrukturunun adaptasiyasında əksini tapır. Bunlar müharibə iqtisadiyyatına hazırlıq məqsədilə həyata keçirilir”.

Fransa hökuməti yenilənmiş hərbi planlaşdırma qanununu aprelin 8-də təqdim edəcək və bu qanuna əsasən 2030-cu ilədək dronlar və raketlər üçün 8,5 milyard avro ayrılacaq.

Hökumət kamikadze dronlarının miqdarını 400 faiz, idarə olunan “AASM Hammer” bombalarını 240 faiz, “Aster” və “Mica” raketlərini isə 30 faiz artırmaq istəyir.

Qeyd olunur ki, Fransa Ukrayna və Yaxın Şərqdəki münaqişələrdən çıxardığı dərslərə əsaslanaraq müharibə strategiyasını yenidən nəzərdən keçirir. Buraya Parisin qarşıdakı illərdə Rusiya ilə potensial qarşıdurmaya hazırlaşması da daxildir.