
Sirkə və su qarışığı ilə qoruyucu qat
Sirkə şüşə səthində buzun yaranmasını çətinləşdirən təbii təsirə malikdir. Bunun üçün sprey qabına üç hissə sirkə və bir hissə su əlavə edilərək qarışdırılır. Avtomobil axşam saatlarında park edilərkən bu məhlul ön şüşəyə səpilir və təmiz parça ilə silinir. Bu üsul gecə ərzində buzlanma ehtimalını azaldır və səhər saatlarında şüşənin təmiz qalmasına kömək edir.
Ön şüşə örtüyü ilə fiziki mühafizə
Avtomobil şüşələrinin buzlanmasının qarşısını almağın ən etibarlı yollarından biri xüsusi ön şüşə örtüklərindən istifadə etməkdir. Park edildikdən sonra şüşənin üzərinə sərilən örtük soyuq hava ilə şüşə arasında qoruyucu maneə yaradır. Səhər örtük götürüldükdə şüşə, adətən, buzlanmadan təmiz olur. Xüsusi örtük olmadıqda qalın karton və ya parça da müvəqqəti çıxış yolu kimi istifadə edilə bilər.

Şüşələrin təmiz və quru saxlanılması
Şüşə səthində qalan kir, toz və nəmlik buzlanma prosesini sürətləndirir. Avtomobil park edilməzdən əvvəl şüşələrin quru parça ilə silinməsi və su damcılarının qalmasının qarşısının alınması buz əmələ gəlməsini əhəmiyyətli dərəcədə azaldır. Eyni zamanda, şüşəsilənlərin altında yığılan suyun təmizlənməsi səhər donmuş şüşəsilənlərlə bağlı problemlərin qarşısını alır.
Sadə tədbirlərlə rahat qış səhərləri
Bu sadə, lakin təsirli üsulların tətbiqi qış aylarında avtomobildən istifadəni daha rahat və təhlükəsiz edir, sürücülərə səhər saatlarında vaxt itkisindən və əlavə stressdən xilas olmağa imkan yaradır.
Orxan Vahidoğlu, “İki sahil”