24 yanvar 2026 23:28
101

Liviya Enerji və İqtisadiyyat Sammiti çərçivəsində xarici şirkətlərlə müqavilələr imzalanıb

Liviya Enerji və İqtisadiyyat Sammiti çərçivəsində irəli sürülən məsələlər hökumətin enerji sektorunun idarə olunmasında izlədiyi aydın yolu əks etdirir. Bu yol istehsalın sabitliyinə, investisiya üçün cəlbedici mühitin yaradılmasına və qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlıqların qurulmasına söykənir.

“İki sahil” xəbər verir ki, bu sözləri Liviya Milli Birlik Hökumətinin başçısı Əbdülhəmid əl-Dbeibə sammitin açılışında deyib.

Əl-Dbeibə əlavə edib ki, real sahədə əldə olunan nəticələr, o cümlədən neft hasilatının rekord səviyyələrinə qayıtması və uzun illərdən sonra kəşfiyyat işlərinə yenidən başlanması, Liviyanın resurslarını peşəkar və planlı şəkildə idarə etmək qabiliyyətini təsdiqləyən açıq etimad mesajlarıdır və gələcəyə yönəlmiş baxışı əks etdirir.

Hökumət başçısı diqqətə çatdırıb ki, Liviya istehsalın davamlılığının təmin edilməsinə, əməliyyat sisteminin səmərəliliyinin artırılmasına, investisiya və tərəfdaşlıqlar üçün aydın mühitin yaradılmasına xüsusi diqqət yetirib. Qeyd edib ki, 2025-ci ildə gündəlik neft hasilatı son 13 ilə yaxın dövrdə ən yüksək səviyyəyə – gündəlik 1 milyon 374 min barelə çatıb. Bununla yanaşı, bir sıra yeni yataqlar istismara verilib və son 17 ildən sonra ilk dəfə kəşfiyyat işləri üçün ümumi tender mərhələsinin keçirildiyi elan olunub.

Qeyd olunur ki, sammit çərçivəsində Fransanın “Total Energy”, ABŞ-nin “ConocoPhillips” şirkətləri ilə neft hasilatı sahəsində 25 il müddətinə 20 milyard dollarlıq investisiya müqavilələri imzalanıb. Liviya Milli Neft Şirkətinə tabe olan “Vaha” şirkəti ilə imzalanan müqaviləyə əsasən, gündəlik istehsal həcminin 850 min barelə çatdırılması planlaşdırılır. Dövlətin bu layihədən əldə edəcəyi gəlir 376 milyard dollardan çox olacaq.

Yanvarın 26-dək davam edəcək sammitdə Fransadan 19 şirkət, ABŞ-dan 17 şirkət, Böyük Britaniyadan 16 şirkət, İtaliyadan 6 şirkət və Türkiyədən 4 şirkət iştirak edir.