25 yanvar 2026 23:18
96

Fransa Amerikanın videokonfrans xidmətlərindən imtina edəcək

Fransa 2027-ci ilə qədər ABŞ-nin videokonfrans xidmətlərindən imtina edib, onları öz "Visio" tətbiqi ilə əvəz etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə dövlət xidməti üzrə məsul nazir müavini David Amyel "La Tribune Dimanche" qəzetinə açıqlama verib.

"Biz "Teams" və ya "Zoom" kimi proqramlardan asılı vəziyyətə düşdük. İstənilən şəraitdə danışıqlarımızın təhlükəsizliyini təmin etmək üçün dövlət səviyyəsində bu asılılığı aradan qaldırmaq lazımdır. Buna görə də 2027-ci ilə qədər Fransada inzibati səviyyədə hər yerdə videokonfranslar üçün "Visio"dan istifadə olunacaq", - rəsmi şəxs bildirib.

Amyelin sözlərinə görə, "Visio" Fransa istehsalıdır. Xidməti Rəqəmsal Texnologiyalar İdarəsi hazırlayıb. Gözləntilərə görə, "Visio" Fransa hökumətinə xarici proqram təminatı istehsalçıları ilə müqavilələrin uzadılmasına yönəldilən milyonlarla avronu qənaət etməyə imkan verəcək.

Nazir müavini əlavə edib ki, yeni xidməti artıq 40 min insan sınaqdan keçirə bilib.