Böyük Britaniya hökuməti etiraf edib ki, ABŞ Prezidenti Donald Tramp 60 illik beynəlxalq müqavilənin ləğv edilməsinə razılıq verməsə, Baş nazir Kir Starmerin Çaqos adaları ilə bağlı mübahisəli razılaşması iflasa uğraya bilər.
“İki sahil” “The Telegraph”a istinadla xəbər verir ki, məsələ ilə bağlı qanun layihəsinin bazar ertəsi Lordlar Palatasında müzakirəyə çıxarılması planlaşdırılsa da, onun ABŞ-la bağlanmış müqaviləni poza biləcəyi barədə xəbərdarlıqlardan sonra müzakirələr təxirə salınıb. Söhbət 1966-cı ildə imzalanmış və Çaqos arxipelaqı üzərində Böyük Britaniyanın suverenliyini təsdiqləyən müqavilədən gedir.
Bu həftə Donald Trampın Çaqos adalarının Mavrikiyə təhvil verilməsi planını tənqid etməsi Dauninq stritdə ciddi narahatlıq yaradıb. Britaniya hökuməti bu razılaşmanın Böyük Britaniya – ABŞ əlaqələrində strateji əhəmiyyət daşıyan Dieqo Qarsiya hərbi bazasının gələcəyini təmin etmək üçün vacib olduğunu bildirir.
ABŞ Prezidenti ötən il fevral ayında Vaşinqtona səfər zamanı Starmerə razılaşmanın yaxşı nəticələnəcəyini hiss etdiyini demişdi. Lakin ABŞ Prezidenti bu həftə “Truth” sosial platformasında paylaşım edərək razılaşmanı böyük axmaqlıq aktı adlandırıb və əvvəlki mövqeyindən kəskin şəkildə geri çəkilib.